Qarabaq.info » Gündəm » Milli Məclisin üzvü Adil Əliyev: “Sui-istifadələr olmasa, hamı insan kimi nəfəs alar”


Milli Məclisin üzvü Adil Əliyev: “Sui-istifadələr olmasa, hamı insan kimi nəfəs alar”

 

“Elə bilirdim itirən təkcə mənəm...”


Əvvəllər hamı onu Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin qardaşı kimi tanıyırdı. Xeyli vaxtdır ki, bu status dəyişib, yəni o, M.Əlieyvin qardaşı olaraq qalsa da, “BŞBPİ rəisinin qardaşı” deyil. Bununla belə, indi onu, Adil Əliyevi daha çox tanıyırlar. Müsahibim Milli Məclisin üzvü, Kikboksinq federasiyasının rəhbəri, kikboksinq üzrə dünya çempionu Adil Əliyevdir. Söhbətə iş-güc, hal-əhval sorğulaması ilə başladıq. Deputat dedi:

- Geridə qalanlara baxanda şükür eləyirəm bu günə. Normaldır hər şey. Ölkə miqyasında götürəndə əmin-amanlıq və stabillikdir.  Bu bir az ümidləndirir adamı.

-Geridə nə qaldı ki? 

- Bir də bir səhhət problemi vardı. Onu həll eləmişəm. Adamın canı sağlam olmayanda heç nə haqda sağlam düşünə bilmir.

-Bəs hansı problem var ki, həll eləyə bilmirsiniz? 

-Bütün problemləri zaman özü yavaş-yavaş həll eləyir. Yəni həll oluna bilməyəcək problem yoxdur.

 

- Kikboksinq üzrə dünya çempionu da oldunuz. Demək, eyni vaxtda deputat da olmaq olar, idmançı, çempion da...

-Bir söz deyim. Yarışa qatılmaq, qalib gəlmək, kubok qazanmaq mənim üçün önəmli deyildi.  Önəmli orda yarışda iştirak eləmək, özünü sınamaq idi. Qaldı siz deyən məsələyə, doğrudur, mənim indiki həyat tərzim üçün o yarışda rinqə çıxmaq böyük  addım idi. Həm də çox böyük qələbə idi.

- Məşqçilərin sözünə necə, baxırdınızmı?
 
- İki aya yaxın stabil məşq elədik. Çəkini tənzimləmək, işləmək lazım idi. Həm də indi iyirimi yaşında  deyiləm, yəni bildiyim şeylərə görə hərdən idmançı kaprizlərim də oldu. Amma ümumilikdə anlaşa bilirdim məşqçilərlə. Yığmanın  uşaqları ilə məşq edirdim. Çalışırdım uşaqlardan geri qalmayım. Onların elədiyi hərəkətləri etməyə, qaçdıqları məsafəni qaçmağa can atırdım.

 

-İllər öncə tanıdığımız Adil Əliyevlə bu gün qarşımdakı Adli Əliyev xeyli fərqlidir. Bu dəyişiklik bizim üçün, yəni ictimiyyətə görə sürətli keçid kimi bir şeydir. Amma sizin özünüz üçün şübhəsiz ki, bizə göründüyü qədər sürətli olmayıb heç nə. Nə dəyişdi sizi? 

- Düzünü deyim, xasiyyətim əvvəlkidir. Mən elə də dəyişməmişəm.  Sadəcə yaşayıb insanları, cəmiyyəti, ətrafı daha aydın gördükcə vəziyyətə dəqiq qiymət verdikcə dəyişməyə məcbur olursan. Daha doğrusu, vərdiş eləyirsən bəzi şeylərə. Məndə də təxminən belə olub. Yaş artıb və bəzi şeylərə vərdiş eləmişəm. Müasirliyə uyğunlaşmışam demək daha yaxşı olardı.  Köhnə qaydalarda yaşayıb davransaydım, cəmiyyət məni qəbul etməzdi. Yəni qısacası zaman dəyişdikcə insan da dəyişir.

-İnanclı adamsınızmı? 

- Bəli, elə siz deyən dəyişikliyin bir səbəbi də inanclı olmağımdır. İnanmaq gələcəyini düşünməyə, ona yönəlik qərarlar qəbul eləməyə, ümumiyyətlə, hər şeyə münasibəti dəyişir. Həm də rahat olur adam.  Məsələn, inancım mənə öyrədib ki, karyeranın yox, insanlığın zirvəsində qalmağa çalışmaq lazımdır.

-Emosionallıqdan sakit bir tərzə keçidiniz də var. Belə rahatdırmı?

 

-İnanın ki, bu da inanca və yaşa bağlıdır. Bu ikisi insanı müdrikləşdirir. Səbirli olmağı da hər adam bacarmır. İnsanların kim olduğunu üzə çıxarmaq üçün həyat daim onları sınağa çəkir. Mən o sınaqları anlamağa, onlara qalib gəlməyin yolunu axtarmağa çalışdım. Bu cür çalışmanın mütləq mükafatı olur. İnsan sınaqlara üsyan etdikcə, həyat daha ağır sınaqlara rast gətirir onu. Bunu düşünüb həmişə rastıma çıxan sınaqlara şükür etmişəm. Sınaqlardan keçdinsə cəmiyyətə, insanlara, dövlətə, səni sən eləyən hər şeyə faydalı olmağa çalışmalısan. Çevrənə hörmətlə davranmağı bacarmalısan. Əgər kimsə həyatının mənası yeyib-içməkdə, bahalı maşınlarda gəzməkdə, bahalı geyimlərdə görürsə, deməli, hələ həyatın sınağı ilə rastlaşmayıb və Allahını tanımır.

-Ən böyük sınağınız nə olub? Ya da hansı sınağınızı düşünəndə inana bilmirsiniz ki, siz ondan keçmisiniz? 

-Hər addımım sınaq olub. Biz hesab eləyirik ki, hər şey bizlikdir, özümüz nail oluruq əlimizdə olan hər şeyə.  Çox “Allah, Allah” demək, dini təbliğatla məşğul olmaq istəmirəm. Amma gerçəkdən həyatda hər şeyi idarə edən böyük bir qüvvə var. Bütün iradələr ona tabedir. İndi düşünsəm ki, hansı hadisəni deyim sizə yadıma gəlməyəcək. O qədər çox və saysız yaşantılar olub ki, bu günə şükür edirəm.  Bir məsələ də var ki, bu yaşadıqları da adamı xeyli püxtələşdirir. Hər rast gəldiyimiz çətinlik yaxşı bir dərsdir başa düşsək.  

- Nəyi itirməkdən qorxursunuz? 

-Vicdanı itirmək qorxuludur, onu itirməyəsən. Rəhmətlik atam həmişə deyirdi ki, nəyi itirirsiniz itirin, evi, dostu, işi, ata-ananı, hər şeyi, amma vicdan itdisə heç nə olur, çalışın vicdanınız itməsin, bala. Vicdanı itən insan üçün hər şey bitmiş sayıla bilər. İsmayıl Şıxlının bir hekayəsində var. Üç dost yol gedir. Su, od, bir də vicdan. Ayrılmaq məqamı çatanda bir-birlərini necə tapmaq üçün işarələri müzakirə edirlər. Su deyir, yüksək bir yerə çıxıb ordan baxarsınız, harada yaşılııq, həyat görsəniz, bilin ki, mən ordayam. Od deyir, uca bir yerdən baxıb görsəniz ki, haradansa tüstü çıxır, yemək ətri gəlir, insanlar qaçışır, bilin ki, mən ordayam.  Vicdan deyir, çalışın məni itirməyin, çünki itirsəniz, heç yerdə tapmayacaqsınız. İndi atamın da bizə dediyi təxminən o məsələdir.  O üzdən həmişə ən qorxduğum şeylərədən biri vicdanımı itirməkdir. Vicdana Allahın yerdəki nümayəndəsi kimi baxmışam həmişə. Vicdanı itmiş birinə baxsanız görəcəksiniz ki, siması da itib. O cür adamlardan heç nə gözləmək olmaz. Nə yaxşı, nə pis.

-Həmişə vicdanlı olmaq alınırmı?

-Ən azı susmaqla vicdanını ləkədən qoruya bilərsən.

-Susmaq da vicdanlı yanaşma olmur axı. Vicdan susanda məsələsi var...

- Doğrudur. Amma susanda sənə yönələn sorular olur. Onlara cavab verməyib dönüb gedirsən, bu həm də sənin vicdansızlığa münasibətin olur. Əmin olun ki, qarşı tərəf bunu çox gözəl anlayır. Susub onlara “vicdansız” deməkdir cavab vermədən dönüb getmək.

- General Məhərrəm Əliyevin qardaşı olmağınızın həyatınızda nə qədər rolu olub? 

-Bir böyük qardaşım çox cavan yaşda dünyasını dəyişib. Atamı da erkən itirmişik.  Bacı-qardaşlarımsa məndən yaşca xeyli böyük idilər. O üzdən evin sonbeşiyi olaraq elə bilirdim, itirən təkcə mənəm. Ən çox da atamla bağlı belə düşünürdüm. Deyirdim ki, atamı təkcə mən itirmişəm. Sonra o boşluqda qardaşlarım çox israrla durmağa çalışdılar. Deyim ki, dura bildilər də. Mənə ata əvəzi oldu qardaşlarım. Allahverdi, Məhərrəm və Pənah.  Pənahla yaş fərqimiz çox azdır. Allahverdi və Məhərrəmin isə həyatımda çox böyük rolu olub. Səmimi deyim ki,  bu gün böyük saydığım qardaşlarımın qazandığı nufuzdan, mənəvi kapitaldan “xərcləyirəm”. Hər kəsə belə fədakar ailə üzvləri, qardaşlar qismət olmur. Qardaşlarımda olan mərdlik, kişilik və qətiyyət mənim bu səviyyədə olmağıma  böyük dəstək verib. Onları örnək kimi görmüşəm.  Elə həyatım olub ki, həmişə od-alovun içində olmuşam. Məni o bəlalardan qoruyan qardaşlarım olub. Bir sərt baxışları mənə bəs edirdi, çəkinirdim, özümü o dəqiqə düzəldirdim. Bu mənada Məhərrəmin rolu xüsusi olub. Keçdiyi həyat yolu, yaşadığı çətinliklərlə mənə həyat dərsi verib həmişə. Onların həyatına baxa-baxa demişəm ki, niyə oxumayım, niyə öndə olmayım. Düşünmüşəm ki, o qədər problemi yaşaya-yaşaya qardaşlarım belə ola bilibsə, qarşımda onlar varkən, üstəlik, mənə yaxşı şərait yaradıldığı halda niyə kimsə olmağa çalışmayım? Bu düşündüklərim məni formalaşdırıb.

-Nufuzlu ailənin uşağı olmaq yaxşıdır, ya özü nufuz sahibi olmaq? 

-İkisi də məsuliyyətli məsələdir və çox çətindir. Atdığın hər addıma görə zərbənin kimə dəyəcəyini düşünməyə məcbur olursan. Düşünməyəndə mütləq kimsə sənə görə pis vəziyyətdə qalır.

-Deyə bilirsinizmi, nədən insanların gözü mal-mülkdən, sərvətdə doymur? 

-İnancları yoxdur o üzdən. Amma anlamaq lazımdır ki, insanı Allah heç nədən yaradıb. Yəni heç nədən bu boyda möhtəşəm varlıq, insan yaranıbsa bu qədər nemətlər arasında mütləq nələrsə eləmək mümkündür. Sadəcə, bunu eləməyi istəmək lazımdır. Elə adam var ki, hərdən gedib doğulmayan nəvəsinə ev alır, onun təmiri ilə məşğul olur. Anlamır ki, bu həyat deyil, belə olmaz. İnsan düşünməlidir ki, hansısa nazirin, generalın, rəhbər şəxsin qohumu olmaq çox vaxt heç nəyi həll eləmir. Bir də gərək heç kimdən, heç nədən qorxmasan da, Allahdan qorxasan. Ola bilər, insanlara hesabat verməyəcəksən, amma yüz faiz əmin ol ki,  Allahına mütləq hesabat verəcəksən. Lap olsun hansısa məmur. Qardaş, işləyə bilmirsənsə, çıx get, milləti incitmə, xalqın, dövlətin cibinə girmə, ərizəni yaz və get. İnsanlar bunu dərk eləsələr, Sui-istifadələr olmasa, vaxtında getməyi bacarsalar hamı insan kimi nəfəs alar. Cəmiyyətin də xeyli problemi həll olunar.

-İndiki Adil yaxşıdır, ya illər öncəki? 

-Təbii indiki Adil. İnanclıdır, içkidən, pis vərdişlərdən uzaqdır, ziyafətlərə üstünlük vermir, imkan daxilində çalışır insanların yanında olub, onlara əl tutsun.   Müsavat.com