Qarabaq.info » Hadisə » 22 yaşlı qız əməliyyatdan sonra öldü: Apendisitini səhvən çıxarıblar


22 yaşlı qız əməliyyatdan sonra öldü: Apendisitini səhvən çıxarıblar

Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının əməliyyatdan sonra ölümünün bəzi təfərrüatları məlum olub. 

T. Məmmədovanın yaxın qohumu Azər Əliyev açıqlamasında bildirib ki, qız əməliyyat olunmamışdan əvvəl qarın ətrafında bir neçə dəfə sancıları olub: “Bundan əlavə, əlində və ayağında göyərmələr yaranmışdı. Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim onu müayinə edib və bildirib ki, kor bağırsağında problem var. Halbuki, onda belə bir problem olmayıb. Sən demə Turanənin bağırsaq keçirməzliyi olub. Amma onu kor bağırsağından əməliyyat ediblər. Əməliyyata girməmişdən öncə qızda qusma baş verib və temperaturu qalxıb”. 

A.Əliyev bildirib ki, əməliyyatdan sonra T.Məmmədovanın vəziyyəti yaxşılaşsa da, sonradan hərarəti qalxıb və qusma halları baş verib: “Dəfələrlə xəstəxanaya, onu əməliyat edən həkimə müraciət etsələr də, “hər şey normaldır” cavabını alıblar. Sonradan həkim görüb ki, xəstənin temperaturu düşmür, bu dəfə ona başqa diaqnoz qoyub. Deyib ki, xəstənin böyrəyində problem var. Valideynləri bu dəfə onu başqa xəstəxanaya - Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparıb”.

A.Əliyev sözügedən xəstəxanada T. Məmmədovanın vəziyyətinin pis olduğundan təkrar əməliyyata alındığını vurğulayıb: “Xəstəni əməliyyata götürdülər və bir saatdan sonra öldürüb bizə qaytardılar. Bu işdə əsas Göygöl rayon Mərkəzi Xəstəxanasının həkimləri məsuliyyət daşıyır”.

Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanasının həkimi Səfər Əkbərov isə olaya belə aydınlıq gətirib: “Bu qız əvvəl xəstə olub. Anası deyir ki, qızının damar xəstəliyi olub. Əlləri, ayaqları göyərirmiş. Onun apendisti tutub. Ayın 8-də onu Göygöl rayon Mərkəzi Xəstəxanasında əməliyyat ediblər. Sonra evə buraxılıb. Anası deyir ki, evdə halı pisləşib və temperaturu qalxıb. Onu yenidən əməliyyat edən həkimin yanına aparıblar. Həkim deyib ki, əməliyyatla əlaqəsi yoxdur. Bir neçə dəfə belə olandan sonra təkrar ayın 28-də həkimin yanına yanına gediblər. Həkim deyib ki, qızın böyrəyi işləmir, onu böyrək həkiminə aparın. Ordan böyrək həkimi adı ilə bir başa bizim xəstəxanaya gəliblər. Həkimlər burda müayinə edəndə baxıblar ki, xəstənin böyrəyində heç bir problem yoxdur. Amma qarnında ağrıların olduğu aydınlaşıb. Baxdıq ki, vəziyyəti ağırdır, götürdük əməliyyata”.

Qeyd edək ki, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə dünyasını dəyişib. Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qızın sonradan vəziyyəti pisləşib. Bu dəfə o, Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanasında əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyib.(aznews.az)

11:33

Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib.

BiG.AZ-ın report-a istinadən məlumatına görə, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı absez diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  Qarabaq.info