Qarabaq.info » Siyasət » Gülər Əhmədova canlı yayımda psixoloq fəaliyyətindən danışdı


Gülər Əhmədova canlı yayımda psixoloq fəaliyyətindən danışdı

 

Həcc ziyarətindən sonra ilk dəfə geniş ictimaiyyət qarşısına çıxan sabiq həftədə bir gün canlı yayımda görüş keçirəcək

Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədova ötən günün sonunda Facebook sosial şəbəkəsində canlı yayıma çıxıb. Oktyabrın 4-dən 5-ə keçən gecə 54 dəqiqə boyunca canlı yayımda olan G.Əhmədova bildirib ki, sosial şəbəkənin bu xidmətindən istifadə etməsinə ona gələn çoxsaylı suallar səbəb olub. O, canlı yayıma çıxmasının səbəbləri barədə bunları yazıb: “Bu canlı yayımı əsasən xanimlarımız üçün nəzərdə tutmuşam. Ailədə konfliktlərin həlli, uşaqlarımızla, ailə üzvlərimizlə münasibətlərin psixoloji aspektlərinə, depressiya, depressiyadan qurtulmagın yolları mövzusunda suallara cavab verməyə calışacağam. İnboxda cavablandıra bilmədiyim suallara da qayıda bilərik”.Həcc ziyarətindən sonra ilk dəfə geniş ictimaiyyət qarşısına çıxan sabiq deputat başıbağlı görüntüsü ilə diqqət çəkib. G.Əhmədova onu izləyənlərə bildirib ki, sosial şəbəkədə psixoloq kimi insanlara yardım edə bilir. Çox adamın sualına cavab verdiyini deyən sabiq deputat ilk canlı yayım təcrübəsi zamanı ailədə uşaqlarla bağlı yaranan konfliktlər, psixoloji gərginlik mövzusuna toxunub. Giriş kimi isə, o, depressiyadan və onun yaranma yollarından danışıb. Payızı depressiyaların güclü olduğu fəsil adlandıran G.Əhmədova ondan qurtulmanın üsullarını da sadalayıb.
“Yeni Müsavat”a müsahibəsində G.Əhmədova psixoloq kimi virtual fəaliyyətindən danışıb. Müsahibimiz öncə bu xidmətdən istifadəsinin səbəblərinə toxunub:- Əslində mənə çox adam sosial şəbəkədə yazırdı, öz dərdlərini, problemlərini danışırdı. Özü də elə şeylər yazırdılar ki, əslində bütün bunları oturub bir peşəkar psixoloqla danışaydılar, böyük dərd olmadığını görərdilər. Sadəcə, oturub kiminləsə dərdləşməsi, təskinlik sözləri eşitmələri yetərli idi. Bunun yolunun tapılması istiqamətində çox düşünürdüm. Mən Həcdə olanda da insanlar mənə aramsız yazırdılar.- Niyə? Nə istəyirdilər sizdən?- Yazırdılar ki, mənimçün dua edin, filan problemim var. Təbii ki, dua etmək mənim Allah qarşısında borcum idi, edirdim. Amma bununla yanaşı, görürdüm ki, bu şəxslərə professional yardım edilsə, daha yaxşı olar. Çünki onlar məsələyə 3-cü şəxsin gözü ilə baxa bilmirlər. Professioanal gözlə baxanda görürsən ki, problemin həlli asandır. Mən də gələn müraciətlərin heç birini cavabsız qoymadım, cavab verdim, əlimdən gəldiyi qədər yardım etdim, yol göstərdim. Beləcə, insanlar bir-birinə bu barədə xəbər verməyə başladılar. Bir də gördüm, dostluq müraciətlərinin sayı artır. Facebookda da dost sayı baxımdan limiti aşa bilmirsən. Dostluğa qəbul edən kimi görürdüm ki, dərhal problemi barədə yazır, yol göstərməmi istəyir. Bəzən bir bacı kimi söz eşitmək istəyirlər. Əvvəl belə deyildi. İndi insanlar bir-birindən çox uzaqlaşıblar. Vaxtilə insanlar dərdi olanda yaxını, qohumu, dostu ilə bu barədə rahat dərdləşirdi. İndi hamı özünə, problemlərinə qapanıb.- Gülər xanım, daha çox hansı mövzularda müraciətlər olur?- Ən çox problemlərdən, depressiyalardan yazırlar. Adi cəmiyyət xəbərlərinə baxın. İntihar xəbərləri gün-gündən artıq. Bir tərəfdə 70 yaşlı kişi, o biri tərəfdə 12 yaşlı uşaq intihar edir. Axı 70 yaşlı kişi niyə intihar etsin ki? 12 yaşında uşağın intihar səbəbini oxuyursan, məlum olur ki, anası ona ayaqqabı ala bilmədiyi üçün ölümü seçib. 40-cı illərdə insanların ayaqqabısı olmayanda da ötüşdürürdülər, bir-birinə arxa, dayaq olurdular. Nəticədə ayaqqabı arxa plana keçirdi. Maddi çatışmazlıqlar problem, intihar səbəbi kimi insanların qarşısına çıxmırdı. - Sizcə, niyə insanlar bu məsələlərdə sizdən yardım istəməyə başladılar? Dünənki canlı yayıma da baxdım, xeyli insan dərdinə məhz sizdən məsləhət istəyirdi. - Əvvəl çox yazırdılar. Həcdə elə bir adam olmadı ki, ona cavab verməyim. Mən savabımdan bunu etmişəm. Kimsə səndən bir xoş söz eşidib, gedirsə, bundan böyük savab yoxdur. Özünüz jurnalistsiz, söz adamısız, sözün gücünü yaxşı bilirsiz. Amma düzünü deyim ki, hər müraciətə də vaxtında, dərhal cavab verə bilmirsən. Evdə də iş-güc var, uşaqların dərsləri var. Efir də yarandı. Gördüm ki, insanlar facebookun canlı yayımında toyda oynamağını çəkir. Təbii ki, bu da gözəl haldır, stress atırlar, şənlənirlər və bunu da nümayiş etdirirlər. Mən də düşündüm ki, facebookun bu xidmətindən insanlara yardım etmək üçün istifadə edim.- Siz ixtisasca psixoloqsuz?- Bəli, psixologiya elmləri namizədiyəm.- Psixologiya Mərkəzi yaratmaq, insanlara bu formada xidmət etmək istəmirsiz?- Əslində yaxşı ideyadır. Mənə belə təklif edən insanlar gəlib. Mərkəz, ictimai təşkilat açmağımı deyənlər olub. Amma hazırda bu barədə düşünmürəm. Bəlkə gələcəkdə bu, mümkün ola bilər. Ya komanda, ya tək şəkildə nəsə mümkün olsa, edərəm. Hələlik bacardığım bu qədərdir. Bacardığımı etməkdən kimsə rahatlıq tapırsa, bu, çox yaxşıdır. Mən özüm çox çətin vəziyyətlərdə olmuşam. Görmüşəm ki, bəzən bir adi söz insanı həyata qaytarır. İnsanları çox yaxşı başa düşürəm. Ola bilər ki, çətin vəziyyətə düşüblər və bir isti sözə ehtiyacları var. Mən çətinlərin çətinini görmüşəm. Ona görə istəyirəm ki, insanlara bildiyim, bacardığım qədər, yardım edim. Həm Hacı xanım, həm psixoloq kimi savabıma yazılsın.

İnsanlara bildiyim, bacardığım qədər, yardım etməyə çalışacam - həm Hacı xanım, həm psixoloq kimi...”

- Canlı yayım görüşləriniz davamlı olacaqmı?- Hamının şəxsi həyatı var. Uşağı diqqətsiz buraxmaq olmaz. Oğlumun dərsləri ilə maraqlanmalı, onun qayğılarını da həll etməliyəm. Amma indi sualları qruplaşdırıram. Tək-tək demirəm. Ən çox depressiyadan yazırlar. Ailə problemləri də çoxdur. İqtisadi vəziyyətlə bağlı suallar da çox olur. Bilirsiz ki, ölkəmizdə Ailələrə Dəstək Fondu yaradılıb. İnsanları təşviq etmək lazımdır ki, bu fonda müraciət etsinlər. Video konflitasiyalar edirlər. İnsanların öz gücünə həyatını təmin etmələrinə çalışırlar. Buna psixoloji güc lazımdır. Bəzən insan çox şey bacarır. Amma özünə inamı yoxdur. Bunun üçün psixoloji dəstək, “ustanovka” lazımdır ki. İnsanın “mən bacararam”, “bunları edə bilərəm” deməsi lazımdır.  Bəziləri yazır ki, mən bu yaşdan sonra nə edə bilərəm? İnsanın əl-ayağı üstündədirsə, sağlamlığı varsa, niyə də olmasın?- Daha çox din adamı - Hacı xanım kimi yol göstərəcəksiz insanlara, ya psixoloq kimi? Çünki dünənki canlı yayım çıxışınızda Allahın adını tez-tez çəkir, dini kitablardan sitatlar gətirirdiz...- Hər bir insanın içində Allah var. Qaçan da Allahı çağırır, qovan da. Özlərini ateist adlandıranlar var. Amma onlar da məqamı gələndə Allahı çağırırlar. Sən ona “Allah” de, “Yaradan” adlandır, fərq etməz, hər kəs onu çağırır. Mən din adamı deyiləm, dini təhsilim yoxdur. Amma mənim də ziyalı, savadlı qadın kimi oxuduqlarım var. Çalışıram ki, insanlara biliklərim vasitəsilə yardım edim.- Növbəti canlı yayım görüşünüz nə zaman olacaq?- Hələlik həftənin bir günü - çərşənbə günü, saat 22.00 üçün nəzərdə tutmuşam. Müsavat.com