Qarabaq.info » Araşdırma » QADINLARI İNCİDƏN POEZİYA


QADINLARI İNCİDƏN POEZİYA

 
11-13 noyabr 2017-ci il tarixində şöbəmizin əməkdaşı fil.ü.f.d. Aytac Abbasovanın şairə Nuranə Nurun şeirlər kitabı haqqında yazdığı "Qadınları incidən poeziya" adlı məqaləsi "Kaspi" qəzetində çapdan çıxmışdır. Məqaləni Sizin diqqətinizə təqdim edirik.

QADINLARI İNCİDƏN POEZİYA

Müasir dövrümüzdə poeziya sənətində lirik şeirləri ilə tanınan və sevilən Nuranə Nur bugün geniş oxucu kütləsi ilə diqqət çəkir. Realist düşüncə tərzinə malik şairənin həm ölkəmizdə, həm də xaricdə müxtəlif mətbuat orqanlarında şeirləri işıq üzü görmüş və bir neçə kitabı çap edilmişdir. 

Nuranə Nurun “Yoxluğuna və sağlığına” adlı kitabıında 68 sevgi mövzulu şeiri toplanmışdır. Sevgi poeziyasına həsr edilmiş şeirlərində biz iki obrazla tanış oluruq: biri sevən, hər fürsətdə sevgisini anlatmağa çalışan, amma sevdiyinə qovuşmayan lirik qəhrəman, digəri isə böyük məhəbbətlə sevilən və bu sevgidən məmnunluq duyan bir obraz. Bunlar o qədər də təəccüblü deyil, heyrətamiz olan budur ki, birinci lirik qəhrəman qadın, ikinci obraz isə onun əks cinsidir. Bu ənənə kitabdakı bütün şeirlərdə bir qayda olaraq mühafizə edilmişdir.

Poeziya, lirika özündə mütləq şəkildə onu yaradanın hiss, duyğu və həyacanının obrazlı, poetik və canlı ifadəsini qoruyub saxlayır. Araşdırmamızda isə əsas diqqəti Nuranə Nur yaradıcılığının fərqli bir aspektinə - müəllifin xalq yaradıcılığından bəhrələnib-bəhrələnməməsinə yönəltmişik. Həssas qəlbli şairənin folklor irsindən hansı formalarda bəhrələnməsi və bu bəhrələnmənin onun poeziyasına müsbət təsirlərinin necə olması bizim maraq dairəmizə daxildir. 

Müəllifin bir çox şeirlərində sevdiyi üçün dərdə düşən və sevgisinə layqincə cavab tapmayan aşiq müxtəlif təbiət ünsürləri ilə – dənizlə, günəşlə, ayla, ulduzla və s. dərdləşir. Ümumiyyətlə, folklorda təbiətlə dərdləşmək, dərdini təbiətə söyləmək motivi vardır ki, biz bunu dastanlarda, nağıllarda, lirik növdə isə daha çox bayatılarda görə bilərik. Nuranə Nur şeirlərində də bu cəhətə tez-tez rast gəlmək olur. Müəllifin qəhrəmanının gah pəncərə qarşısında, gah da dəniz qırağında durub ayla, dənizlə dərdləşməsi şeirin poetik gücünü daha da artırır:

Ulduzlarla danışıram,

Ayla dərdimi bölürəm.

Ay da mənə sirrin verir

Bölüb, yarısın görürəm. (“Ay adamlar”)

Ayla, ulduzla dərdləşən müəllif, hətta ayın da onunla sirrini böldüyünü söyləyir. Bildiyimiz kimi, ay, günəş və ulduz kosmoqonik miflərə daxil olub dünyanın yaradılışında iştirak edən əsas miflərdəndir. Ay və Günəşlə bağlı kosmoqonik miflərdə ayın oğlan, günəşin qız olması kimi mətnlərə rast gəlirik. Onların sevgisi və bir-birinə qovuşmaması kimi inanclar da vardır. Belə düşünürük ki, Nuranə Nurun aya, günəşə və ulduza müraciəti, dərdləşməsi də bu ünsürlərin möcüzəli, ecazkar görünüşü və qüvvəsindən irəli gəlmişdir. Yəni müəllifin dərdini yerdəki aləmdə anlayan olamdığı üçün o göydəki aləmə müraciət edir, özünə dərd ortağı seçir. Professor Kamran Əliyev “Sevgini anladan poeziya yaxud, Nuranə Nurun özünü yazmaq bacarığı” adlı məqaləsində yazır ki, müəllifin “lirik qəhrəmanı insandan küsəndə təbiətin qoynuna çəkilir. Dərdinə həmdərd tapmayanda insanın ümid yeri yenə təbiət olur”.

Başqa bir şeirdə:

Sənə gəlmişəm, dəniz!

Səninlə dərdləşməyə.

Dinlə məni.

Sən dərd dinləyən,
dərd anlayansan.

Ovut məni dalğalarınla,
təsəlli göndər ləpələrinlə.

Dənizlə dərdləşmək qədim zamanlardan olmuşdur. Hətta insanlar xəbərləşmək və dərdlərini, sirlərini bölüşmək üçün onu məktuba, kağıza yazıb, şüşəyə qoyub dənizə atarmışlar. Zamanla bu, əsasən də qərb xalqlarında bir inanc formasını almışdır. Ümumiyyətlə, dərdi, pis yuxunu suya – axar suya danışmaq suyun onu yuyub aparması, təmizləməsi kimi inancdan irəli gəlmişdir. Ucsuz-bucaqsız dənizin böyüklüyü, genişliyi dərdin ona söylənməsinə, müəllifin də dediyi kimi onu “əritməsinə” əsas verir. 

Nuranə Nur yaradıcılığında diqqətimizi çəkən digər bir məqam isə da bir çox şeirlərində müəllifin yuxu və kölgə kimi motivlərdən istifadə etməsidir.

Doğrudur, biz desək ki, müəllif bu ifadələrdən axretip və mif kimi istifadə edib, onda yanlışlıq olar.. Amma bildiyimiz kimi, yuxu və kölgə mifologiyada, eləcə də folklorda tez-tez rast gəldiyimiz motivlərdəndir. Qeyd etmək lazımdır ki, yuxugörmə, gələcək barədə informasiya almaq və proqnozlaşdırmaq cəhdidir. Bütün hallarda yuxugörmələr yazıçının yaradıcı fantaziyası və real həyatla əlaqəsinin parlaq təzahürüdür. Biz müəllifin yuxu motivi vasitəsilə real həyatda görmək istəyib görə bilmədiklərini və onları yuxuda həyat keçirmək arzusunun, istəyinin şahidi oluruq. 

“And” şeirindən:

Əvvəl səsimi əks etdirib aləmə,
sonra şəklimi çəkib,
göndərəcəklər yuxularına.

Qorxub “fırtınalı mən”dən
Yalvaracaqsan yuxuna.

“Yuxu” şeirindən:

Tez-tez görürəm bu yuxunu;

ağ geyinib günəşli gündüzə bənzəyirəm
qara geyinəndə ulduzlu gecəyə.

Digər poetik nümunələrdə isə “Sevdiyi ilə eyni yuxunu görmək”, “yuxuma gəlmə”, “yuxuda görüşmək” və s. kimi lirik qəhrəmanın əhvali-ruhiyyəsi ilə bağlı ifadələrə rast gəlirik.

Nuranə Nurun şeirlərində başqa bir motivi - kölgə motivini də görürük. Belə ki, ayrı-ayrı şeirlərdə kölgənin motiv kimi canlandırdığı xoşbəxtlik və bədbəxtlik anlamlarının incə çalarlarla birgə ifadə edildiyi aydınca duyulur. Kölgə bəzən qaranlıq, bədbəxtlik anlamında işlənir, onun çəkilib getməsi ilə aydınlıq, xoşbəxtlik gəlir. Hər kəsin həyatında mütləq bir kölgəli zaman olur, əsas olan isə kölgənin çəkilib getməsidir. 

Hər bir insanın öz kölgəsi var və onsuz ola bilməz.“Kölgəm boydayamsa, bu mənə yetər”- deyən şair bütün məsələlərə sadə və təvazökar yanaşması baxımından öz kölgəsi ilə özünü xoşbəxt hiss edir. 

“İki kəlmə söz gətirir üstünə yağmağa
və Günəş kölgəni aparmağa”.

Yaxud:

“Gün kölgəsin toplayanda, 
üzünü çevir sabaha”.

Kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və qeyri-insani meyllərini qoruyub saxlayır, onun qaranlıq tərəfinə çevrilir. Yəni kölgə insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır:

“Qürurunun kölgəsində daldalanan,
Xoşbəxtliyi duyub, yaşaya bilməyənlər
Susurlarsa,
bu fırtınaya işarədir”. 

Sənətkarın böyüklüyü onun dilə nə dərəcədə bələd olması, xalq dilindəki bədii ifadə vasitələrindən ustalıqla istifadə etmə bacarığı ilə ölçülür. Əsl sənət nümunələri yalnız xalqın dilinə və düşüncəsinə yaxın olduqda daim sevilir və oxunur. Nuranə Nur yaradıcılığının bir maraqlı cəhəti də onun xalq dilinə yaxın olmasındadır. Belə ki, biz atalar sözləri və deyimlərdən istifadə etmək bacarığını da müəllifin uğurlarından hesab edirik. 

“O belə deyir ...” adlı şeirində müəllif “Belə inanmalıyam həyatın, su kimi qabda dura bilməyəcəyinə” ifadəsini işlədir. Həmin ifadənin “Su da bir yerdə qalanda iylənər”, “Su axdığı yerdən bir də axar” və s. kimi atalar sözləri ilə səsləşdiyini söyləyə bilərik. Yaxud “Günahkar” adlı şeirində “Suyun axıb öz çuxurunu tapdığı qədər günahkaram”- deyən müəllif birbaşa “Su axar, çuxurunu tapar” atalar sözündən istifadə etmişdir. 

“Öpmə gözlərimdən” adlı şeirində isə müəllif “Gözdən öpmək yaxşı deyil, ayrılıq gətirər, gülüm” söyləyir. Gözdən öpməyin ayrılıq gətirməsi ilə bağlı xalq arasında bir inanc vardır. Buraya gözü yol çəkirsə, ən yaxın adamın gələcək anlamını da əlavə etsək, müəllifin xalq inancından məharətlə istifadə etdiyini görə bilərik. Həmin şeirdə “Qorxan gözə ayrılıq yox, çöp düşər” deyərək şeirdə poetik düzəliş edən müəllif “qorxan gözə çöp düşər” atalar sözünün məzmuna uyğun şəkildə işlətdiyini görürük. “Yol gedir həqiqətə” adlı şeirində isə “Ölənlə ölünməz” atalar sözünü işlənmə məqamı ilə rastlaşırıq. 

Nuranə Nurun yaradıcılığı insanı düşündürən, ürəyinə təsir edə bilən və bir az da qadınları incidən poeziyadır. Fikrimcə, şeirlərdəki aşiq müəllifin özüdür. Bir çox şairlər şeirlərində iki aşiqin sevgi hekayəsini yazırlarsa, Nuranə Nur şeirləri ilə sanki öz hekayəsini yazıbdır.

 
Qarabaq.info