Görkəmli professor Qəzənfər Paşayevin 80 illik yubileyi ilə əlaqədar Tovuzda tədbir keçriilib
06 iyun 2017 17:17
Baxış Sayı: 1 160,
Müəllif: Qarabaqinfo
Çap Et
Görkəmli professor Qəzənfər Paşayevin 80 illik yubileyi ilə əlaqədar Tovuzda tədbir keçriilib.
Tovuzun Düz Qırıxlı kəndindəki 1 saylı tam orta məktəbdə, bu kənddə doğulmuş ünlü alim – filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin qarşıdan gələn 80 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib. Tədbirdə millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) sədri Qənirə Paşayeva, Tovuz rayon İH başçısı Tofiq Zeynalov, professor Şirindil Alışanov və başqa rəsmi şəxslər iştirak və çıxış edib. Məktəbin direktoru Xatirə Xasıyeva,millət vəkili Qənirə Paşayeva professorun həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkərək, onu Türk Dünyasının, özəlliklə, İraq-Türkman elmi-ədəbi ictimaiyyətinin yaxından tanıdığını bildirdi. Kərkükü, başqa İraq-Türkman ellərini, ümumən Türk Dünyasını, öncə, Qəzənfər müəllimin söhbətləri, yazıları, kitabları ilə tanıdığını, sevdiyini vurğulayan xanım Paşayeva, getdikcə böyüyən bu sevdanın ölümsüzlüyünə inandığını deyərək, Qəzənfər müəllimin kitabları ilə tanışdığımız bir Kərkük hoyratını xatırladıb: “Bağdad yolu Gəncədir, Gülü pəncə-pəncədir, Demə sizdən irağam, Bu sevda ölüncədir.” Sözünə davam edən Q.Paşayeva deyib:
-Yaxşı xatırlayıram, uşaq vaxtlarımdı. Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda, onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardım. – Kərkükdən, Tuzhurmatudan, Telafərdən, Ərbildən danışırdı əmim, ordakı insanların bizimlə eyni cür danışdığını, mətbəxlərinin, gələnəklərinin, bir sözlə, hər şeylərinin bizimlə eyni olmasından danışırdı... Bir xeyli sonra əmimin bu sirli ölkə haqqında ard-arda çıxan kitablarını oxumağa başladım: “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük bayatıları”, “Kərkük atalar sözləri” və s... Deyə bilərəm ki, o kitablardakı sətirlər sanki dirilərək canımıza, ruhumuza hopur, bizi də sevdalandırırdı.Təsadüfi deyil ki,mən məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdim. –O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran bayatılar idi... Məsələn,
Dilim dilim, Kəs qovun dilim-dilim, Mən dilimdə vaz keçməm, Olursam dilim-dilim...
İlahi, bu nə yanğı, bu nə ağrı idi.?! Bax, biz bu sevdayla böyüdük və sovetlerin dağılması, müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı yerdən – Kərkükdən qonaqlar daha çox gəlməyə başladı... Və Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq...Bugün də, Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətlədirən İraqlı soydaşlarımızla hər görüş, hər söhbət bir ziyarətə çevrilir... Soydaşlarımız Ümummilli Liderimiz Heydər Əliyevin “...tarixi araşdıranda gördüm ki, İraq türkmanları ilə bir bütövün parçalarıyıq...” fikirlərinin arxasında dayanan düşüncəni yüksək qiymətləndirlər və bu bugün də belədir, gələcək də belə olacağına inanıram!Fürsətdən istifadə edib, Qəzənfər müəllimə əlamətdar yubileyi ərəfəsində möhkəm can sağlığı, yeni əsərlər arzulayıram!
Tovuz rayon İH başçısı Tofiq Zeynalov, Tovuzda böyüyüb, boya-başa çatmış ziyalılarımızdan, onları ölkə mədəniyyətinə, elminə yaddaqalan töhfələrindən söz açarq, professor Qəzənfər Paşayevin həm bu mənada, həm də el-obasının problemləri, uğurları ilə iç-içə yaşayan bir şəxsiyyət kimi səciyyələndirdi. Ölkədə həyata keçirilən hərtərəfli quruculuq işlərindən, dövlət başçımızın elmə, təhsilə, mədəniyyətə və yaradıcı insanlara qayğısından danışan T.Zeynalov, bu diqqət və qayğının gələcəkdə yeni elmi, ədəbi uğurlara çevriləcəyinə inandığını qeyd etdi. Yubilyarı təbrik edən İH başçısı, ona yeni yaradıcılıq uğurları arzuladı. Professor Şirindil Alışanov Qəzənfər Paşayevin yaradıcılığından geniş söhbət açaraq onun Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərini xüsusi vurğulayıb. Professor Qəzənfər Paşayeva bütün Türk dünyasında böyük sayğı olduğunu xüsusi böyük vurğulayan Şirindil Alışanov onun ziyalı, dost, vətəndaş kimi də yüksək keufiyyətləri barədə ətraflı məlumat verib. Gecə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Professor Q.Paşayevin əsərlərindən, o cümlədən İraq-Türkman hoyratlarından bəhrələnərək hazırlanan bədii hissə iştirakçılar tərəfəindən alqışlarla qarşılandıb. Professor Qəzənfər Paşayev məktəblilərlə geniş söhbət edib, onların suallarını cavablandırıb və məktəbə özünün kitablarını hədiyyə edib.
*** Qeyd edək ki, prof.dr.Q.Paşayev 1937-ci ildə Tovuzun Düzqırıxlı kəndində doğulub. 1962-ci ildəAzərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki ADDU) İngilis dili fakültəsini bitirib.Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi olduqdan sonra, doğma vətənə qayıtdıb, ali təhsil müəssisələrində müəllim, dekan müavini, kafedra müdiri işləyib.
Doktorluq mövzusu İraq-Türkman folkloru olan Q.Paşayevin “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər dastanı” (1972), “İraq Kərkük atalar sözləri” (1978), “İraq Kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987), “Nəsiminin İraq divanı” (1987) və b. kitabları, o cümlədən 7 cildlik “Seçilmiş əsərləri” (2012, “Təhsil”) nəşr edilib.
Prof. Paşayevin elmi fəaliyyətinin zirvəsi sayılan “İraq-türkman folkloru” adlı monumental əsəri isə şair Əbdüllətif Bəndəroğlu tərəfindən “Şah əsər”, prof. Mahir Naqib tərəfindən “Abidə əsər” adlandırılıb; müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilib. A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan?” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Q.Paşayevə böyük uğur qazandıran “Altı il Dəclə-Fərat sahillərində” kitabı oxucular arasında əl-əl gəzən, dəfələrlə kütləvi tirajlarla nəşr edilən nadir kitablardan olub. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoyub.
AMEA Nizami ad. Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami ad. Ədəbiyyat İnstitutunda baş elmi işçidir.
Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), jurnallarının, Nizami ad. Ədəbiyyat İnstitutunun “Ədəbi-nəzəri məcmuə”sinin redaksiya heyətinin, habeləNizami ad. Ədəbiyyat İnstitutu nəzdindəMüdafiə Şurasının üzvüdür (1994-cü ildən;1997-2005-ci illər arasında həmin şuranın həmsədri olub).
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş Komissiyasının sədridir.
İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1976), Kərkük Vəqfinin (1999) vəİraq-Türkman Cəbhəsinin (2003) diplom və yüksək ödüllərinə layiq görülüb. Q.Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və b. kitablar nəşr edilib.
Qarabaq.info bu məlumatı, Millət vəkili Qənirə Paşayevanın facebook səhifəsinə istinadən verib.
Qarabaq.info
|