Qarabaq.info » Sosial » MƏRKƏZƏ CƏLB OLUNMUŞ UŞAQLAR ÜÇÜN BAYRAM ŞƏNLİYİ TƏŞKİL EDİLMİŞDİR.


MƏRKƏZƏ CƏLB OLUNMUŞ UŞAQLAR ÜÇÜN BAYRAM ŞƏNLİYİ TƏŞKİL EDİLMİŞDİR.



MƏRKƏZƏ CƏLB OLUNMUŞ UŞAQLAR ÜÇÜN BAYRAM ŞƏNLİYİ TƏŞKİL EDİLMİŞDİR.


 Qarabaq.info xəbər verir ki, "Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi "Sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial-psixoloji yardım mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində layihəyə cəlb edilmiş uşaqların və onların valideynlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Layihənin əsas məqsədi sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün reablitasiya xitmətlərinin göstərilməsi, uşaq alveri və məcburi əməyin aradan qaldırılmasına dəstək verilməsi və sosial təhlükəli vəziyyətdə olan uşaqlara hüquqi, sosial və psixoloji yardım edilməsi təşkil edir.

Tədbiri giriş sözü ilə açan “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov iştirakçıları bayram münasibəti ilə təbrik edərək Mərkəzin fəaliyyəti, sosial təhlükəli vəziyyətdə olan uşaqlara, həmçinin onların ailələrinə, valideynlərə göstərilən xidmətlər haqqında geniş məlumat verib. Bildirilmişdir ki layihə çərçivəsində 18 yaşadək sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün reabilitasiya xidmətləri göstərilir, uşaqlara hüquqi, sosial, tibbi, psixoloji yardım göstərilir. Layihənin icrası müddətində xidmətlərdən 150-dən artıq uşaq bəhrələnmişdir.

Layihəyə cəlb olunan uşaqların peşə kurslarına cəlb olunması işi həyata keçirilməklə yanaşı sosial ehtiyaclı uşaqlar müxtəlif fənn və xarici dil kurslarına yönləndirilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkil olunması üçün müxtəlif tədbirlər həyata keçirilmiş, əlamətdar günlərdə uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilmişdir.

İctimai Birliyin psixoloqu tərəfindən uşaqlar və ailələrlə psixoloji iş aparılmış, psixoloji mövzularda qrup işləri və təlimlər təşkil edilmişdir.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qeyri Hökumət Təşkilatları arasında əməkdaşlıq “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına və

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına uyğun olaraq ayrılmışdır. Nəzakət Balabəyova əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud, əlilliyi olan və sosial təhlükəli vəziyyətdə olan uşaqlara yönəlmiş dövlət siyasətindən, görülən işlərdən və həyata keçirilən fəaliyyətlərdən danışdı.

Daha sonra çıxış edən rayon Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Nağıyev tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi. O, bildirdi ki, bütün bu uğurlu və davamlı sosial siyasət ölkə başçısı cənab İlham Əliyevin ölkənin hər bir vətəndaşına diqqəti və qayğısı sayəsində mümkün olmuşdur.

Tədbirdə mərkəzə cəlb olunmuş uşaqların musiqi, bədii qiraət və digər bacarıqlarının nümayişi qonaqlarda xoş təəssüratlar oyatdı. Yeni ilin simvolu sayılan Şaxta baba uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindiriblər. Həmçinin, hazırlanmış bədii-musiqili proqram iştirakçılarda xüsusi əhval-ruhiyyə yaradıb.

Sonda uşaqlara və onların ailələrinə bayram sovqatları hədiyyə edilmişdir.