Qarabaq.info » Siyasət » Türkiyə və Azərbaycan birləşmiş ordusu türkmənlərə ... - Bakıdan İraq türkmənlərinə dəstək (Fotolar)


Türkiyə və Azərbaycan birləşmiş ordusu türkmənlərə ... - Bakıdan İraq türkmənlərinə dəstək (Fotolar)

Türk İslam Araşdırmalar Mərkəzi "Tarixdən günümüzə Mosul-Kərkük" adlı elmi konfrans keçirib.  

Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, tarixçi alim Əkbər Nəcəf və digərləri iştirak edib.
Tarixçi alim Telman Nüsrətoğlu tədbiri giriş sözü ilə açaraq keçirilən konfransın əsas məqsədi barədə iştirakçılara məlumat verib:
"Bu gün Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümüdür. Eyni zamanda Zəngilan rayonunun işğalı günüdür. Məhz bu gün görüşməyimizdə əsas məqsəd bir araya gəlib milli məsələləri müzakirə etməkdir. Bu gün ümumi türk dünyasında ciddi proseslər cərəyan edir. Tarixdən ibrət almasaq tarix bizim yaxamızdan əl çəkməyəcək. Bu mənada tarixdən dərs almaq çox önəmlidir". Daha sonra çıxış edən deputat Fazil Mustafa Mosul ətrafında yaranmış siyasi proseslərə toxunub:
"Türkmən faktoru bu gün Azərbaycan üçün 2-ci bir faktora çevrilib. Bu da səbəbsiz deyil. Bu, siyasi coğrafiyanın yaratdığı bir məsələdir. Siyasi coğrafiyadan başqa həm də arada inteqrasiyanın kifayət qədər olmaması, dövlətlər arasında siyasi münasibətlər çərçivəsində bir irəliləyiş yaranmamasıdır.
Dövlətlər arasında yaxınlaşma olmalı və bu da mütləq cəmiyyətdə öz əksini tapmalıdır. Amma bütövlükdə mənəvi duyğular var və bu duyğulardan irəli gələrək bizim hansısa ərazidə yaşayan insanlara ayrıca bir simpatiyamız olmalıdır. İstər türkçülük, istərsə də İslam duyğusundan. Məsələyə də elə əsasən bu kontesktdən yanaşmalıyıq. Bizim bu bölgəyə hər hansı bir şəkildə ayrıca müdaxilə etmək, kömək göstərmək imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Amma yenə də dediyim kimi biz mənəvi duyğularımızla, Türkiyə üzərindən nələrinsə edilməsi baxımından fikirlərimizi səsləndirə bilərik.
Hələ 25 il bundan əvvəl Türkiyədə belə bir fikir formalaşmışdı ki, o bölgəyə dəstək olmasa məhv olacaq və bu gün artıq bu nəticə ortadadır. Bəzən fikirlər səslənir ki, Türkiyənin bölgəyə müdaxiləsi səhv addımdır. Əslində diqqətlə yanaşsaq görəik ki, səhv addım deyilən bir şey yoxdur. Zamanında siyasi proseslər nəticəsində Amerika Briləşmiş Ştatları bütövlükdə bu bölgəni öz istədiyi istiqamətdə formalaşdıraraq, məsələnin həllini tamamilə öz üzərinə götürüb Türkiyəni kənarda saxlamışdı. Beləliklə ABŞ müttəfiqliq əxlaqına, prinsipinə əməl etməyib. Müttəfiqliq əxlaqının pozulması Türkiyəni yeni axtarışlar riskinə getməsinə səbəb olub.
Bir çox hallarda bizim də cəmiyyətimizin içində sanki Türkiyənin orda əzilməyini istəyən, bu əhval-ruhiyyədə olanlar var. Bu, çox təhlükəlidir. Bizim üçün bu gün türkmən məsələsinə baxış İran üzərindən olmamalıdır.Biz Türkiyə siyasəti üzərindən baxış ilə türkmənlərin xilas olması üçün nəsə edə bilərik. Bu gün bir reallığı bilmək lazımdır ki, İraqda bu gün  ikinci İran dövləti yaranıb. Bu bizim üçün də eləcə də türk dünyası üçün təhlükəlidir. Ona görə də Azərbaycan bununla bağlı müstəqil siyasət yürütməlidir”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Nazim Cəfərsoy, tarixçi alim Əkbər Nəcəf də mövzu ilə əlaqədar çıxışlar ediblər.
Tarxiçi alim Əkbər Nəcəf qeyd edib ki, Mosul ətrafında yaranmış proseslər təkcə həmin bölgənin deyil, həm də tarixi əhəmiyyətli mədəniyyət nümunələrinin məhv olmasına gətirib çıxarır:
“Bu bölgənin tarixi əhəmiyyəti çox böyükdür. Bu gün Hələb kimi gözəl bir şəhər demək olar ki, yox olub. Bununla yanaşı həm də gözəl, tarixi əhəmiyyətli mədəniyyət nümunələri də məhv edilir”.
Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu da Yaxın Şərqdə baş verənləri təhlil edib:“Bu günün əsas sualı, hədəfi Yaxın Şərqdə yaranacaq yeni formasiyada Türkiyə və türk mərkəzində yeni Yaxın Şərq siyasətinin formalaşması ilə bağlıdır. Ancaq bununla bərabər Türkiyənin özünün dövlət bütövlüyünü qoruyub saxlaya bilməsi sual altındadır. Türkiyə Anadolu bölgəsinə sıxışdırıldıqdan sonra təxminən Yaxın Şərqdən 80-90 il uzaqlaşdırıldı və Türkiyənin bununla bağlı yeni siyasəti uzun müddət ortada görünmədi. Türkiyənin Yaxın Şərqdəki məğlubiyyəti SSRİ-nin Əfqanıstan müharibəsində daha da aydın oldu. Diqqət edin, Türkiyə İraqda, Suriyada məğlub olanda İran qalib gəlir. Orta Doğuda İranın bir siyasəti var və proseslərin arxasında İran həm qalib, həm də söz sahibi kimi çıxır. Bu isə həm Azərbaycan, həm Türkiyə, həm də Güney Azərbaycanı təhdid altına alır.
 Türkiyə və Azərbaycan Kərkük türkləri ilə baglı birgə strateji siyasətə malik olmalı, vahid siyasi mövqe nümayiş etdirməlidirlər.
Türkiyə və Azərbaycan yaxın şərqdə, İraqda öz gələcək təhlükəsizliyi, strateji maraqları istiqamətində fəal siyasi-hərbi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmizləmə və soyqırıma uğradılmaqla bölgədən silinəcəksə,  bu,  kürdlərin İraqda güclənməsinə, Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına, türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır. Qeyd etməliyəm ki, kürdlər təkcə Kərkük ərazilərinə deyil, Güney Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər. Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında-Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar. İnqilabın süqutundan sonra bu ərazidə kürd ostanlığı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmaqdadır. Bu, Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir. İrəvan xanlıgı, Qarabag ermənilər tərəfindən, Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər kürdlər Qərbi Azərbaycanın Urmiya, Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar. Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək, özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması, Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal uğrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey Azərbaycandan, Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır. Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır. Yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq, hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi, etnik, kültür baglarının qoparılması siyasətinə xidmət etməkdədir.
Türkiyə və Azərbaycan birləşmiş ordusu İraq Türkmən bölgəsinə girərək, Türklərin təhlükəsizliyini, ərazilərinin bülünməzliyini təmin etməlidir.
Eyni zamanda bu ölkələrin mediası Türkmən bölgəsinin müdafiəsinə qalxmalıdır. Türk maraqlarının müdafiəsini təşkil edən informasiya siyasəti qurulmalıdır. Çox təəssüflər ki, mediya şirkətləri Türkiyə və Azərbaycanda milli maraqların müdafiəçisi yox, daha çox Qərb və ABŞ maraqlarının müdafiəçiləri olduğundan, daha çox Qərb mərkəzlərinə baglı olduqlarından Kərkük türklərinin taleyinə biganəlik nümayiş etdirirlər. “ABŞ-Qərb-İsrail nə edirsə, deməli bu düzdür”,- təfəkkürü Qərb köləsi medianı bu cografiyalarda yaşanan fəlakət və qətliamlara biganələşdirmişdir.
Türkmən gəncləri universitetlərdə pulsuz təhsil almalıdır.
Türkmən partiyaları, siyasi təşkilatları, qadın təşkilatları, QHT-ləri, İnsan Haqlarını Müdafiə təşkilatları, Millət vəkilləri, aydınları, elmi və kültür mərkəzləri ilə sıx iş birliyi qurulmalı, Türkmənlərlə Türkiyə və Azərbaycan sıx inteqrasiya olmalıdırlar.
İraqın bölünməsinə, Türkmən bölgəsində kürd dövlətinin qurulmasına yol verilməməlidir.
Türkmənlərin İraq ərazi bütünlüyü içərisində muxtariyyət istəyi dətəklənməlidir.
Bütün bunların müqabilində əgər İraq siyasi istiqlalını və bütünlüyünü qoruya bilməsə, İraq türkmənlərinin torpaqları İraq türkmənlərinin öz istəyi ilə Azərbaycanın qəyyumluguna keçməlidir və Azərbaycan bu yönümdə fəaliyyətin alt yapısını hazırlamalı, təbligat-təşviqat işləri həyata keçirilməlidir".
Tədbir geniş müzakirələrlə davam edib.  Musavat.com foto