Qarabaq.info » Siyasət » DÜNYANIN NÜFUZLU AGENTLİKLƏRİ MEHRİBAN ƏLİYEVADAN YAZDILAR


DÜNYANIN NÜFUZLU AGENTLİKLƏRİ MEHRİBAN ƏLİYEVADAN YAZDILAR

  

Hesab olunur ki, Birinci vitse-prezident ölkəsinə xidmət etməyin həm də yeni bir nümunəsini ortaya qoyacaq

Ümumxalq səsverməsinin nəticəsi olaraq Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin olunması dövlət idarəçiliyində yeni və kifayət qədər fərqli bir mərhələnin başlayacağından xəbər verir. Ölkə daxilində və xaricində verilən müsbət reaksiyalar isə sözügedən təyinatın böyük rəğbətlə qarşılandığını göstərir.
Hamı hesab edir ki, Azərbaycanın birinci xanımı yeni vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək ölkəsinə xidmət etməyin həm də yeni bir nümunəsini ortaya qoyacaq. Hələ təyinatdan əvvəl səslənən fikirlərdən, aparılan sorğulardan aydın olurdu ki, ölkə ictimaiyyəti Birinci vitse-prezident vəzifəsində məhz Mehriban Əliyevanı görmək istəyir. Çünki buna qədər Mehriban Əliyeva fəaliyyəti ilə, bütün sahələrdə mütləq mənada uğurları ilə Azərbaycan xalqının qəlbini fəth edə bilmişdi. Bu mənada tam qətiyyətlə söyləmək olar ki, Prezident İlham Əliyev Birinci vitse-prezident təyinatı ilə həm də hamının ürəyindən olan bir qərar verdi. Təkcə Azərbaycanda yox, bu məsələni ölkə xaricində diqqət mərkəzində saxlayanlar da belə bir fikrə hakimdirlər ki, Azərbaycan dövləti və xalqı üçün çox işlər görən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi təsdiqləyəcək. Rusiyanın aparıcı media orqanları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını geniş işıqlandırıb. Nüfuzlu TASS agentliyi bu təyinatı Mehriban Əliyevanın ölkənin ictimai-siyasi və mədəni həyatında oynadığı mühüm rolla əlaqələndirib.
Agentlik dövlət başçısının Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışdan sitat gətirib: "Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb və bu istiqamətdə əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır”. Agentlik qeyd edib ki, 2004-cü ildən Mehriban Əliyeva ölkənin ən iri qeyri-hökumət təşkilatının - Heydər Əliyev Fondunun başçısıdır. 2015-ci ildə Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Rusiyanın digər nüfuzlu xəbər agentliyi - "RİA Novosti” də Mehriban xanım Əliyevanın Birinci vitse-prezidenti təyin olunmasına toxunub. Agentlik Mehriban Əliyevanın siyasi və mədəni xidmətlərindən geniş bəhs edib. "İnterfaks” agentliyi də nəzərə çatdırıb ki, Mehriban Əliyevanın təyinatı onun ictimai-siyasi, mədəni və beynəlxalq işdə uğurları və səmərəli fəaliyyəti ilə bağlıdır. Türkiyə mətbuatı da Azərbaycanın Birinci vitse-prezidentinin təyinatını uğurlu seçim kimi qiymətləndirib. Türk mediasına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycanın uğurlarını daha da artıracaq. "Hüriyyet” qəzeti Mehriban Əliyevanın ölkənin ictimai həyatında fəal rola malik olduğunu, bu istiqamətdə genişmiqyaslı işlər gördüyünü xüsusi vurğulayıb. Əsas gözləntilər isə onun Birinci vitse-prezident vəzifəsində özünü tam doğruldacağı, Azərbaycana uğurlu xidməti davam etdirəcəyidir.
"Cümhuriyyət” qəzeti də təyinata diqqət çəkərək bu vəzifənin böyük məsuliyyətindən, missiyalarından geniş şəkildə bəhs edib. Nəşr Mehriban Əliyevanın buna qədər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olduğun xatırladıb. Bu vəzifələrdə onun özünü doğrultmasına diqqət çəkib. İngilis dilində nəşr edilən və Türkiyənin aparıcı mətbu orqanlarından sayılan "Hüriyyet Deyli Nyus” qəzeti də yazıb ki, ötən ilin sentyabrında baş tutan referendumdan sonra müəyyənləşdirilən Birinci vitse-prezident vəzifəsi Azərbaycanın ictimai-siyasi həyatında böyük rola malik olacaq. 
Bu vəzifəyə ölkənin birinci xanımının təyin edilməsinin zəruriliyi haqda Azərbaycan ictimaiyyətində elə o vaxtdan fikir formalaşıb. "Anadolu” və "Doğan” xəbər agentlikləri də Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsinin razılıqla qarşılandığını yazıblar. Agentliklər vurğulayıblar ki, onun rəhbəri olduğu Heydər Əliyev Fondu böyük missiyalar yerinə yetirib. Bununla yanaşı, "Aljazeera.com.tr”, "haberler.com”, "karar.com”, "haber1.com” və s. xəbər agentlikləri də Mehriban Əliyevanın yeni vəzifəsinə geniş yer ayırıblar. Ümumiyyətlə, xarici mediada yayılan məlumatlar bir daha onu göstərir ki, Mehriban Əliyevanın təyinatı hər yerdə yüksək dəyərləndirilir.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ölkəmizin inkişafına müstəsna töhfələr verəcək: "Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi xalqımız və dövlətimiz üçün əlamətdar hadisədir. Onun Azərbaycan dövləti və xalqı qarşısında, eləcə də qadın siyasətinin inkişafında tarixi xidmətləri var. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti ölkəmizdə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Mehriban Əliyeva həm də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xəşməramlı səfiri kimi ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin təbliği sahəsində müstəsna işlər görür. Mehriban xanım Əliyevanın fəaliyyəti ümumbəşəri dəyərlərə, humanizmə söykənir və milli maraqlarımıza xidmət edir. Onun çoxşaxəli fəaliyyəti ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ölkəmizin inkişafına müstəsna töhfələr verəcək”.Şərq.