Qarabaq.info » Ölkə içi » Avropa Şurası Lənkəranda bölgə jurnalistləri üçün təlim keçirib


Avropa Şurası Lənkəranda bölgə jurnalistləri üçün təlim keçirib

 

Dekabrın 2-də Lənkəran şəhərində Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda ifadə və media azadlığı” layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda bölgədə fəaliyyət göstərən jurnalistlər üçün təlim keçirilib.

 

Qarabaq.info APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Pərvanə Bayramova layihənin məqsəd və vəzifələrindən danışıb.

 

Təlim məşğələsində müstəqil ekspertlər Şəfəq Mehrəliyavanın “Media və ictimai rəy”,  Ələsgər Məmmədlinin “İfadə azadlığı və şəxsi həyata hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları” və “Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Sevinc Əliyevanın “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin “Media və şəxsi həyata hörmət” və  müstəqil ekspert Afiq Məlikovun “Region qəzetləri və onlayn media: problemlər və perspektivlər” mövzularında çıxışları dinlənilib.

 

Diskussiya şəraitində keçən tədbirdə təlimçilər tərəfindən bölgə jurnalistlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.