Qarabaq.info » Dünya » İsrail “rus raketini” Suriyada vurdu, səfir Kremlə çağırıldı


İsrail “rus raketini” Suriyada vurdu, səfir Kremlə çağırıldı

 

İki gün əvvəl İsrail aviasiyasının Suriyaya reydi Moskvanı ciddi narahat edib. Nəticədə bu ölkənin Moskvadakı səfiri izahat üçün Kremlə çağırılıb. Xəbər verildiyi kimi İsrail Hərbi Hava Qüvələrinin 4 F-16 təyyarəsi Suriya hava məkanına daxil olaraq “Hizbullah” üçün nəzərdə tutulmuş silahlara zərbə endirib. Bu zaman Suriya havadan müdafiə qüvvələri İsrail təyyarələrini S-200 zenit-raket sistemləri ilə atəşə tutub.

Cavab olaraq İsrailin raketdən müdafiə sistemi “Arrow” həmin raketlərdən birini vurub. Bu, “yer-yer” tipli raketlərə qarşı nəzərdə tutulan “Arrow” raketlərinin “yer-hava” tipli raketlərə qarşı ilk döyüş tətbiqidir. Və İsrailin raketdən müdafiə sahəsində hansı imkanlara malik olduğunu nümayiş etdirir. (virtualaz.org Azərbaycanın da İsraildən “Arrow” raketləri aldığını artıq yazıb). Xəbərlərə görə İsrail raketi Suriyanın buraxdığı S-200 raketini bu ölkənin hava sahəsindəcə haqlayıb, “Arrow” raketinin qalıqları qonşu İordaniyanın ərazisinə düşüb.


 
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Knessetin müxalifətdən olan deputatı Omer Bar-Lev “Arrow” raketinin İsrail təyyarələrinə tuşlanan Suriya raketinə doğru buraxılması “səhv addım” olduğunu bildirib. Çünki bu, Rusiya ilə münasibətləri gərginləşdirə bilər. “Bu insidentə görə İsrail səfiri artıq izahat üçün Kremlə çağırılıb”-deputat bildirib. Bar-Levin fikrincə İsrailin Suriyada Rusiya ilə əməkdaşlığı vacib məsələdir.

 

Keçmiş müdafiə naziri və baş nazir, general Ehud Barak da raketin tətbiqini yanlış hesab edir. “Bu raket atışı və raketin qalıqlarının İordaniya ərazisinə düşməsi nəticəsində İsrail ilk dəfə Suriyaya hücuma görə məsuliyyəti üzərinə götürməli olub. Ona görə də bəlkə bu raketin tətbiqindən çəkinmək olardı”-Ehud Barak deyib. Bununla belə keçmiş müdafiə naziri gecə saatlarında İsrail təyyarələrinə doğru buraxılmış zenit raketinin “Arrow” raketi ilə vurulmasını İsrailin raketdən müdafiə sahəsində hansı imkanlara malik olduğunun nümayişi kimi qiymətləndirir. “Bu, növbəti dəfə sübut edir ki, İsrail raketdən müdafiənin effektivliyi üzrə dünyada aparıcı yeri tutur”-Barak bildirib.

Livanda mənzillənən “Hizbullah” təşkilatının lideri şeyx Nəsralla isə İsraili Suriya ərazisinə aviazərbəyə görə tənqid edərək deyib ki, İsrail İŞİD-in Suriyada məğlub olmasından qorxur. Çünki bilir ki, bu halda Suriyada İranla üz-üzə qalacaq. Nəsralla Suriya müxalif qruplaşmalarını əsədə qarşı döyüşməyi dayandırmağa çağırıb, deyib ki, bu, ancaq İsrailin işinə yarayır.