Deputatdan Maliyyə Bazarına Nəzarət Palatasına sərt ittiham
11 oktyabr 2016 12:13
Baxış Sayı: 785,
Müəllif: Qarabaqinfo
Çap Et
Əli Məsimli: “Belə çıxır ki, vətəndaş aldığı 9 min manatım müqabilində 23 min manata yaxın borc ödəməlidir” “Aradan altı ay keçməsinə baxmayaraq, bizim, deputat həmkarım Vahid Əhmədovla mənim aidiyyəti orqanlara göndərdiyimiz təkliflərlə bağlı hələ ki yekun rəy almamışıq”. Qarabaq.info Deputatı Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında belə deyib. Deputat qeyd edib ki, Vahid Əhmədov bu məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında növbəti dəfə qaldırandan sonra Maliyyə Bazarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi Prezidentin iqtisadi islahatlara üzrə köməkçisinə göndərdikləri rəyin bir nüsxəsini onlara göndərib: “Əslində ona obyektiv rəy demək olmaz. Çünki birincisi, maliyyə sektoru üzrə yetərincə səlahiyyət əldə etmiş Palata həmin səlahiyyətlərə adekvat ölkə miqyaslı məsuliyyət də daşımalı, artıq öz üzərinə düşən vəzifələri də reallaşdırmağa başlamalı və xarici valyutada olan kreditlərlə problemin həllində daha çox maraqlı qurum olmalıdır. Amma onun rəyində bu qurum problemin həllinə marağı olmayan tərəf kimi görünür. İkincisi, bizə göndərilən rəydə MBNP birmənalı şəkildə bankların tərəfini tutur. Üçüncü, məhz bu səbəbdən palatanın rəyi yarımçıq, reallıqlardan uzaq, sadəcə, təkliflərimizin diqqətdən kənarda saxlanılmasına yönəlmiş uğursuz bir cəhddir”. Ə.Məsimli dedi ki, fikirlərini əsaslandırmaqdan ötrü həmin rəydən bizi təkzib etməkdən ötrü yazdıqları reallıqdan uzaq bir cümləni nəzərə çatdırması kifayətdir: “Xalqın bankların zülmündən MBNP kömək dilədiyi bir vaxtda palata bizim təkliflərin əhəmiyyətini azaltmaq məqsədilə prezidentin islahatlar üzrə köməkçisinə göndərdiyi rəydə yazır ki, ”MBNP banklar ilə apardığı intensiv dialoq və məsləhətləşmələr, habelə bankların prudensial hesablarının təhlili göstərir ki, banklar xarici valyutadakı problemli kreditlərin həlli ilə bağlı əhəmiyyətli güzəşt edirlər". Banka dollarla borcu olan vətəndaşlar isə bizə yazır ki, bankdan manat hesabı ilə 9 min manat kredit götürüb. Hər ay 371 manat olmaqla, 5 min manata yaxınını ödəyib. İndi bankdan deyirlər ki, əlavə 11207 dollar da ödəməlisiniz. İndiki kursla bu 18 min manatdan artıq pul eləyir. Belə çıxır ki, vətəndaş aldığı 9 min manatın müqabilində 23 min manata yaxın borc ödəməlidir. İndi kimə inanaq, Maliyyə Bazarına Nəzarət Palatasına, yoxsa borc tələsinə salınmış vətəndaşa?" |
Bu xəbəri dostlarınla paylaş: