Məcburi köçkünlərlə bağlı yanvardan yeni qaydalar-təfərrüat
11 oktyabr 2016 11:35
Baxış Sayı: 916,
Müəllif: Qarabaqinfo
Çap Et
Yeni qaydalar kimə, necə tətbiq ediləcək? Məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə 34 min nəfərədək məcburi köçkünə imtiyazların tətbiqi dayandırılıb. Belə ki, 2010-cu illə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Amma həmin şəxslər məcburi köçkün statusunu daşımaqda davam edir. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında çıxışında bildirib. Əli Həsənov deyib ki, məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. Komitə sədri qeyd edib ki, yeni qaydalara əsasən, məcburi köçkünlərin kommunal xidmət xərcləri “çörəkpulu” üzrə plastik kartlara əlavə edilməklə, nağd şəkildə onların özlərinə veriləcək. Bu dəyişikliyin icrasına 2017-ci ilin yanvarında başlanılacaq: “Bunun üçün hüquqi sənəd - Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib”. Əli Həsənov bildirib ki, prezidentin razılığı olduğu təqdirdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin sosial ədalət prinsipi təmin edilməklə imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər görüləcək. Baş nazirin müavini həmçinin qeyd edib ki, bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və digər obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər: “Bu isə 94 min abonent deməkdir”. Məcburi köçkünlərin Əli Həsənovun yeni açıqladığı və yanvar ayından tətbiq edilməsi gözlənilən qaydaları necə qarşılayacağı maraq doğurur. Bir qrup məcburi köçkünlə söhbətimizdən belə qənaətə gəldik ki, məcburi köçkünlər kommunal xidmət xərclərinin “çörək pulu” üzrə plastik kartlara əlavə edilməsinə etiraz etmirlər. Bu şərtlə ki, həmin xərclərin məbləği azaldılmasın, indiyə qədər dövlət hər bir məcburi köçkün üçün nə qədər aylıq kommunal xərc ödəyibsə, həmin məbləğ azaldılmadan hər ay “çörək pulu” üzrə plastik karta yüklənsin. Məcburi köçkünlər də həmin vəsaitlə kommunal xərclərini qarşılasınlar. Məcburi köçkünlər gözləyirlər və ümid edirlər ki, onlar üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan, qənaət edilən vəsaitlər sosial ədalət prinsipi təmin edilməklə imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək. Məcburi köçkünlər qeyd ediblər ki, Əli Həsənov kimi onlar da prezidentin bu məsələyə razılıq verəcəyini gözləyirlər. Xatırladaq ki, avqust ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da dəyişikliklər edilib. Dəyişikliklərə görə, bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün şəxslərə avqustun 8-dən yemək xərci üçün aylıq müavinət verilmir. Digər bir dəyişikliyə görə isə məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb. Daha bir dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. Belə ki, bu ilin avqustuna qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilmirdi. Sözügedən təlimatdakı dəyişikliyə əsasən, avqust ayından etibarən yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilmir. Bu dəyişiklikdən sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət almağa başlayıblar. Müsavat.com |
Bu xəbəri dostlarınla paylaş: