Qarabaq.info » Sosial » Aziz Sancar: “Mən Nobel mükafatı alanda bütün türk dünyası sevinc içində idi”


Aziz Sancar: “Mən Nobel mükafatı alanda bütün türk dünyası sevinc içində idi”

 

"Mən mütləq şəkildə Nobel mükafatı alacağımı düşünmürdüm. Nobeli almaq bir qədər subyektivdir".

 

Qarabaq.info APA-nın xəbərinə görə, bunu 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Aziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onun yaradıcılığına həsr edilmiş konfransda deyib.
 

O bildirib ki, Nobel mükafatını qazanması Türkiyə ilə yanaşı Azərbaycanda da böyük marağa səbəb olub: "Qazaxıstandan Kosovoya qədər bütün türk dünyası sevinc içində idi. Hətta Azərbaycanın Vaşinqtondakı səfiri dərhal zəng edib mənə təbriklərini çatdırdı".
 

A. Sancarın sözlərinə görə, mükafatı aldığı gün səhər saat 05.00 radələrində İsveçdən evinə zəng gəlib: "Həyat yoldaşım telefonun dəstəyini götürüb, ondan məni soruşublar. O da cavab verib ki, Aziz Sancar yatıb, cavab verə bilməyəcək, nə deyəcəksən mənə de. Hətta dalaşıblar da. İsveçdən zəng edən şəxs də deyib ki, Aziz Sancara deyəcəklərimi sizə söyləyə bilmərəm, bircə Aziz Sancara çatdırın ki, Stokholmdan zəng edib onu axtarırlar. Nəhayət nəticəni rəsmi elan etdilər. Mükafatı verənə kimi bir həftəlik uzun və yorucu prosedur oldu".
 

A. Sancar Nobeli aldıqdan sonra başına gələn bir sıra maraqlı məlumatlar barədə də məlumat verib: "Bir türk qadın oğlu ilə universitetə məndən məsləhət almağa gəlmişdilər. Üzərində çalışdığım bir neçə elmi araşdırma barədə onlara məlumat verdim. Oğlan təəccüblə dedi ki, elə bu qədər?! Dedim ki, oğlum, mən bunun üzərində 40 il çalışmışam. Bundan sonra oğlan bizim universitetə gəlmədi, başqa yerə getdi".