Qarabaq.info » Ölkə içi » “Space TV”-nin işdən çıxarılan jurnalisti icra başçısı ilə bağlı səs yazısı yayacaq


“Space TV”-nin işdən çıxarılan jurnalisti icra başçısı ilə bağlı səs yazısı yayacaq


 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin telefon zəngi ilə işdən çıxarıldığı deyilən “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədov işdən necə çıxarılmasını sübut edən şəxslərin səs yazısını yayacaq.

 Qarabaq.info Bu barədə Ölkə.Az-a istinad bildirir ki, Jurnalist Gündüz Məmmədov özü məlumat verib.

Jurnalist deyib ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin onu otağına çağırmasını və hədələməsini əks etdirən səs yazısı var:

“Məndə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədovun və "Space” TV-nin vitse-prezidenti Kamil Şahverdiyevin səs yazıları var. Hamısını yazıb saxlamışam, vəkilimlə məsləhətləşib yayacam. Bu şəxslər indi yalandan deyirlər ki, guya məni otağa çağırmayıblar, hədələməyiblər. Ancaq əlimdə bunu sübut edən konkret səs yazıları var. Mənə qarşı böyük haqsızlıq edilib, məni şərləmək istəyirlər. Ona görə də bu adamları məhkəməyə belə verəcəm. İşin sonunadək gedəcəm. Az qalıb, hər şey faktlarla sübut olunacaq. O zaman mənə şər atanlar nə deyəcəklər? Maraqlıdır”.

Gündüz Məmmədov məcburi köçkün olduğunu da söyləyib:

“Biz məcburi köçkünük, atam məni kasıbçılıqla, hala zəhmətlə böyüdüb. İndiyədək evimizə haram pul girməyib. Bu adamlar isə mənə şər-böhtan atırlar. Allah hər şeyi görür. Əgər kim səhv danışırsa, Allah özü cəzasını versin. Məcburi köçkünü bu cür şərləməklə, işdən çıxartmaq olmaz.

Həm də ki, mən ölkəmizdə qanunun ədalətinə və cənab Prezident İlham Əliyevin qüdrətinə inanıram”.