Müdafiə naziri NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb
27 sentyabr 2017 11:47
Baxış Sayı: 712,
Müəllif: Qarabaqinfo
Çap Et
Sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Müdafiə naziri xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir. NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. |
Bu xəbəri dostlarınla paylaş: