Qarabaq.info » Ölkə içi » Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentinin Sərəncamı


Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentinin Sərəncamı

 
Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.