Qarabaq.info » Gündəm » Uorlik: 'Tərəflər danışıqlara mənfi təsir göstərə biləcək addımlardan uzaq durmalıdır'


Uorlik: 'Tərəflər danışıqlara mənfi təsir göstərə biləcək addımlardan uzaq durmalıdır'

“ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə riayət edilməsi üçün tərəflərlə fəal iş aparırlar”.
Qarabaq.info Müsavat.com APA-nın “Aysor” saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib. O bildirib ki, hərbi əməliyyatların azaldılması danışıqları mümkün edir. Həmsədrin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşdırılması, o cümlədən ATƏT missiyasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir. “Nyu-Yorkda Edvard Nalbandyan və Elmar Məmmədyarovla nizamlanmaya gətirə biləcək danışıqların davamı üçün atmosferi yaradacaq gələcək addımları müzakirə etdik”, - deyə o vurğulayıb. Həmsədrlərin yaxın zamanlarda bölgəyə səfər edəcəyini deyən C. Uorlik bununla belə səfərin tarixinin hələlik müəyyənləşdirilmədiyini bildirib. Ermənistanın yeni silahları, konkret olaraq raket komplekslərini əldə etməsinin, habelə Azərbaycanda keçirilən referendumun Dağlıq Qarabağ nizamlanmasına necə təsir edə biləcəyi ilə bağlı suala isə C. Uorlik belə cavab verib: “Həmsədrlər tərəfləri danışıqlar prosesinə mənfi təsir göstərə biləcək addımlardan uzaq durmağa çağırırlar”. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.