Xəzərdə estakada aşıb, 10 neftçi itkin düşüb - siyahı-yenilənib
15 dekabr 2016 16:25
Baxış Sayı: 880,
Müəllif: Qarabaqinfo
Çap Et
Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb. Bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib. Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur. *** Dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir. Bu haqda Modern.az-a Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib. Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının verdiyi məlumata görə, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb. *** Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb. Axtarış işlərinə FHN-in “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin havaşəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub. *** Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb. "Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb ediliib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır", - deyə T. Müseyibov qeyd edib. Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. *** Dövlət Neft Şirkətinin “Azneft” istehsalat Birliyində xüsusi qərargah yaradılıb. Şirkətdən virtulaz.org saytına bildiriblər ki, bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyinin Bakı şəhəri, Neftçilər prospekti, 73-də yerləşən binasında qərargah yaradılıb. Hadisə ilə bağlı əlavə açıqlama veriləcək. *** Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Diqqətçəkən məqam isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə gün əvvəl hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq etməsinə məhəl qoyulmamamsıdır.Qeyd edək ki, xəbərdarlığı nəzərə alan dövlət qurumlarının bir çoxu əvvəldən hazırlıq işləri gördüyü halda, Dövlət Neft Şirkətinin (SOCAR) bu cür yanaşması onun biganəliyindən xəbər verir. Məsələ ilə bağlı Modern.az-a danışan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlı deyib ki, Dövlət Neft Şirkəti(SOCAR) belə məlumatlara biganə yanaşır: “Sadəcə baş verən hadisələrin kökünü araşdırmaqdansa, hər şeyi küləyin üzərinə yıxırlar. 10-cu platformada da, neft daşlarında da, bu gün N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində də baş verən hadisə zamanı saniyədə 40 metr külək əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbər verməkdə məqsədi odur ki, baş verə biləcək hər hansı neqativ hala qarşı hazırlıqlı olsunlar”. M.Qəhrəmanlı bildirib ki, bu gün baş verənlər küləyin yox, keyfiyyətsiz tikintinin nəticəsidir: “Külək olub-olmamasından asılı olmayaraq estakada uçmamamlı idi. Bu dəfə hər şeyi küləyin üzərinə ata bilməyəcəklər.” Təhlükəsizlik tədbirləri görülmür, küləyin yarada biləcəyi fəsadlar nəzərdə tutulmur. Ən ağırı və qəzanın baş verməsinə səbəb keyfiyyətsiz işin nəticəsidir. Estakadaların təmiri keyfiyyətsizdir, istirahət üçün budkaların tikintisində heç bir qaydalara riayət edilmədiyindən insanlar həlak olur. Hadisə zamanı insanlar istirahət butkasının içərisində olub və budkaqarışıq dənizə düşüblər”. Hüquq müdafiəçisi deyib ki, baş verənlər ən çox da cəzasızlığın nəticəsidir: “Bunlar ən çox da cəzasızlığın nəticəsidir. Çünki indiyədək baş verən hadisələrə görə kimsə məsuliyyətə cəlb olunmayıb. Yalnız 19-cu platformada baş verən yanğından sonra 4 nəfər işdən çıxarıldı. Bildirildi ki, həmin işçilər texnoloji qaydaları pozduğu üçün qəza baş verib. Qalan heç bir halda vəzifəli şəxslərdən birinə gözünün üstdə qaşın var deyən olmayıb”. *** Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 1. Zülfüqarov Güloglan - maşinist 2. Zülfüqarov Azay - operator 3. Qurbanov Vidadi - operator 4. Həsənov Elçin - mexanik 5. Hacıəliyev Həsənağa - operator 6. Qafarov İlham - operator 7. Əsədov Samir - operator 8. Bəhrəmov Cavid - operator 9. Abbasov Ramiz - maşinist 10. Rüstəmov Qorxmaz - operator Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.istiqlal.az |
Bu xəbəri dostlarınla paylaş: