Qarabaq.info » Dünya » Tramp mediaya savaş açdı; qalib kim olacaq?


Tramp mediaya savaş açdı; qalib kim olacaq?

 

ABŞ prezidentinin davranışları dünyaya pis nümunə ola bilər


Məlum olduğu kimi, CNN" telekanalının, eləcə də “The New York Times”, “Los Angeles Times” və “Politico” qəzetlərinin əməkdaşları Ağ Evdə keçirilən brifinqə buraxılmayıb. Bu barədə “CNN” məlumat yayıb. Telekanalın müxbirinin sözlərinə görə, Ağ Evdə brifinqin keçirildiyi salona daxil olarkən mühafizəçilər onu saxlayaraq bildiriblər ki, onun adı iştirak edəcək şəxlərin siyahısında yoxdur.
Prezident Donald Trampın administrasiyası hələ ki xəbəri şərh etməyib.


“Associated Press” informasiya agentliyinin jurnalisti həmrəylik naminə brifinqi boykot edib. O, öz etirazını Ağ Evin Müxbirlər Dərnəyinə bildirib.


“CNN”in məlumatına görə, brifinqdə “Breitbart News”, “The Washington Times” və “One America News Network” konservativ nəşrlərinin müxbirləri iştirak edib.


Xatırladaq ki, D. Tramp fevralın 18-də çıxışlarından birində “NBC”, “CBS”, “CNN”, “ABC” teleşirkətlərini və “The New York Times” qəzetini Amerika xalqının düşməni adlandırıb, yanvarın 11-də mətbuat konfransı zamanı isə “CNN”in müxbirinin sualını cavablandırmaqdan imtina edib.


Bəs görəsən, ABŞ kmi demokratiyanın beşiyi adlanan bir ölkənin prezidentinin mediaya düşmən mövqedə durması dünyada media azadlığının durumuna, jurnalistlərin təhlükəsizliyi məsələsinə necə təsir edəcək?


Məsələni şərh edən ekspertlərin fikirləri o qədər də nikbin deyil.


 
"Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, dünya üçün çox pis nümunədir: “Əgər Amerikanın dövlət başçısı belə edirsə, o deməkdir ki, bu başqalarına da örnək ola bilər. Azərbaycanda da mediaya qarşı edilən təzyiqlər, bloggerlərin, sosial şəbəkə istifadəçilərinin həbsi və sair də onun bir təzahürüdür. Amerika cəmiyyəti Trampa lazım olan reaksiyanı gec-tez verəcək. Hələ ki hamı şok vəziyyətindədir. Bu ölkədə ilk dəfədir ki, belə bir presedent yaşanır. Zaman-zaman media və məmurlar arasında belə problemlər olsa da daha çox hüquqi müstəvidə həll olunur. Ancaq jurnalisti brifinqə buraxmamaq Amerikada ilk dəfə yaşanır. Bu, Azərbaycanda mövcud olan bir ənənədir. "Turan" informasiya agentliyi olaraq bizi rəsmi tədbirlərə buraxmırlar. Amma Amerikada bu hər kəsi şoka salıb. Hesab edirəm ki, bu məsələ getdikcə daha da aktuallaşacaq və hansısa formada həllini tapacaq. Hesab edirəm ki, son olaraq ABŞ Konstitusiyası və qanunları bu prosesdən qalib çıxacaq. Trampın bu təcrübəsi isə hamıya örnək olacaq. ABŞ qanunlarla idarə olunan bir dövlətdir, orada qanun kifayət qədər güclü işləyir. Ona görə də bu məsələ müsbət həllini tapacaq”.


 
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də fərqli fikir səsləndirmədi. Onun fikrincə, Trampın bu hərəkətləri dünyada medianın durumuna mənfi təsir edəcək: “Son illərdə bütün dünyada media azadlığı sahəsində ciddi problemlər üzə çıxır və getdikcə artmaqdadır. Bu, həm internet mediasının məhdudlaşdırılması şərtlərində özünü göstərir, həm də terrorla bağlı məsələlərdə bəzi qərarların qəbul olunmasında müşahidə olunur. Ancaq ayrı-ayrı prezidentlərin, rəhbər şəxslərin mediaya hücumları daha böyük təhlükə kəsb edir. Bu artıq ABŞ prezidenti səviyyəsində dəfələrlə qeydə alınır. Hətta iş o yerə çatır ki, dünyanın ən aparıcı jurnalist təşkilatları son onilliklərdə ilk dəfə belə məsələlərə reaksiya verməli olublar. Amerikanın ayrı-ayrı siyasətçilərinin, Konqres üzvlərinin çıxışları olub. Hətta təşkilatların da çıxışları olub. Ancaq Konqres səviyyəsində, ayrı-ayrı komissiyalar səviyyəsində bu məsələyə reaksiya verilmir. Mən bunun ABŞ siyasi praktikasında nə dərəcədə qəbul olunmuş bir hal olduğunu bilmirəm. Ancaq hesab edirəm ki, həmin məsələlər ardıcıl mahiyyət kəsb etsə biz bunun şahidi olacağıq. Digər tərəfdən, bir çox qurumlar Trampın fəaliyyətini sakit və narahat şəkildə izləməkdədirlər. Bu yaxınlarda mən bir kanadalı politoloqla söhbət edirdim. O bildirdi ki, Trampın çıxışları çox da yetkin olmayan məktəb şagirdinin çıxışlarını xatırladır. Bu da gələcək üçün çox ciddi narahatlıq doğurur. Mən düşünürəm ki, Trampın yürütdüyü siyasət yəqin ki, bu yaxınlarda Konqres və digər qurumların reaksiyasına səbəb olacaq”.Yeni Müsavat.