Almaniya kansleri Angela Merkelin Ankarada mətbuat konfransı zamanı söylədiyi söz mübahisəyə səbəb olub.
05 fevral 2017 21:58
Baxış Sayı: 743,
Müəllif: Qarabaqinfo
Çap Et
Almaniya kansleri Angela Merkelin Ankarada mətbuat konfransı zamanı söylədiyi söz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mübahisəyə səbəb olub. Konfransda İŞİD-dən bəhs edən Merkelin "islamist terror” ifadəsi işlətməsi Ərdoğanın etirazına səbəb olub. Türkiyə rəhbəri bildirib ki, "islamist terror” ifadəsi müsəlmanları ciddi şəkildə üzür: "Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etməkdir. Mən bir müsəlman Prezident olaraq bunu əsla qəbul edə bilmərəm”. Merkel isə cavab olaraq "islamist” sözü ilə "islami” sözü arasında fərq olduğunu vurğulayıb: "Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik”. Ekspertlərə görə, Almaniya rəhbəri müsəlmanlara qarşı səsləndirdiyi fikirlərlə sadəcə öz ölkəsini deyil, bütövlükdə Avropanın islam haqqındakı düşüncələrini dilə gətirib. Məsələni "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Merkelin işlətdiyi ifadə dünyanı xristianlaşdırma siyasətinin düşünülmüş addımıdır: "O fikirlər elə-belə səsləndirilməyib. Xanım Merkel bilməmiş deyil ki, həqiqi islam dinində radikal cərəyanlıq yoxdur. İslam zorakılığı və zülmü qəbul etmir. Hər şeyin əxlaqı olduğu kimi islamda da gücün əxlaqı var. Merkel çox gözəl bilir ki, "islamist terror” ifadəsini əslində Qərb dünyası ortaya atıb. Terrorçu Ben Ladenin başçılığı ilə "Əl-Qaidanın” yaradılması bilavasitə Qərb aləminə rəhbərlik edən ABŞ-ın işidir. Türkiyə Prezidenti Ərdoğan bilərəkdən Merkelə etiraz etdi və əslində bir daha xatırlatdı ki, islamda terror anlayışı yoxdur. Avropa dövlətlərinin məqsədi islamı gözdən salmaq, dinimizə nifrəti aşılamaqdır. Çünki bütün dünyada islam dini getdikcə populyarlaşır”.Şərq.az |
Bu xəbəri dostlarınla paylaş: