Almaniya və Yaponiya Trampın ticarət müharibəsinə hazırdırlar
02 fevral 2017 19:17
Baxış Sayı: 754,
Müəllif: Qarabaqinfo
Çap Et
"The İndependent" yazır ki, dünya liderləri Donald Trampın beynəlxalq ticarətə əngəllər törətməsi qarşısında sakit dayanmaq niyyətində deyillər. ABŞ prezidenti Almaniya və Yaponiyanı xarici valyuta bazarları ilə oynamaqda ittiham etdikdən sonra, kansler Angela Merkel və baş nazir Şinzo Abe bu ittihamlara əks-ittihamlarla cavab veriblər. Avropa Şurasının Xarici Əlaqələr direktoru Mark Leonard deyib ki, Trampın Çin və başqa ölkələrlə geosiyasi çəkişmələrə yönəlik ritorikası böyük qlobal ticarət toqquşmalarına yol açıb. "The İndependent" yazır ki, onilliklər ərzində təşəkkül tapmış qlobal bağlar tarıma çəkilib. ABŞ-ın özünə sərfəli ikitərəfli münasibətlərə üstünlük verəcəyinə dair işarələr dünya liderlərini öz qırmızı xətlərini müəyyən etməyə vadar edir. Tramp artıq Meksika ilə münasibətlərdə özünün tvitlərindən real siyasətə necə çevik keçə bildiyini nümayiş etdirib. Bu isə o deməkdir ki, heç bir lider baş verənlərə biganə qala bilməz. Abe parlamentə bildirib ki, Yaponiyanın öz valyutasını süni şəkildə ucuzlaşdırmasına dair iddialar yanlışdır və lazım gələrsə, o bunu Trampın özünə də izah edə bilər. Onun belə bir imkanı artıq gələn həftə olacaq. Tramp bundan əvvəl demişdi ki, Çin və Yaponiya pul bazarlarında öz valyutalarını ucuzlaşdırmaqla "oyun oynayılar, bizsə mal kimi durub baxırıq". Merkel Ağ Evin Milli Ticarət Şurasının başçısı Peter Navarro-nun "Financial Times" qəzetinə müsahibəsində Almaniyanın ticarət gəlirlərinin onun öz valyutasını əsaslı şəkildə ucuzlaşdırmasından yaratdığı barədə fikirlərini rədd edib. Kanlser deyib ki, avronun məzənnəsi Almaniyaya yox, müstəqil Avropa Mərkəzi Bankına bağlı bir məsələdir. Merkel deyib ki, Almaniya qlobal bazara rəqabətli mallar çıxarmaqla və başqa ölkələrlə ədalətli yarışda gəlir əldə edir. Görünür Merkelin də qarşıdan gələn G20 görüşündə Trampla aydınlaşdıracağı məsələlər olacaq. "The İndependent" yazır ki, Tramp ticarətə tikanlı məftillər çəkdikcə, köhnə müttəfiqliklər də pozulur. Elə ötən həftə Çinin baş naziri Li Keqiang və Merkel telefon söhbətlərində daha yaxın ticarət əlaqələrinə can atmalı olduqlarını deyiblər. Leonard deyir ki, Tramp yalnız qazanc götürməyə alışıb, lakin dünya bazarında yalnız qazanc olmur. Siyasətçinin fikrincə Trampın belə ticarət siyasəti qlobal resessiyaya və iş yerlərinin itirilməsinə səbəb ola bilər. "The İndependent" yazır ki, ola bilsin, Tramp administrasiyası martın 17-18-də Almaniyanın Baden Baden şəhərində keçiriləcək G20 sammitində valyutaların bilərəkdən ucuzlaşdırılması məsələsini qoyacaq. G20-nin ötən il Şanxayda keçirilən sammitində bir sıra başqa ölkələr də Yaponiyanın valyuta siyasətindən narahatlıq ifadə etmişdilər. "The İndependent" yazır ki, dollar yanvar ayında öz çəkisini 1. 9 faiz itirsə də, hələlik hər halda seçki günündə olduğundan bahadır. Digər tərəfdən bir sıra ekspertlər bildirirlər ki, paradoksal şəkildə Trampın sərhəd rüsumu kimi siyasətləri dolları müsbət təsirləndirir. Buna baxmayaraq, General Electric şirkətinin qocaman direktoru Jeffrey Immelt Bloomberg-ə müsahibəsində deyib ki, ticarət liderləri Trampın tutduğu kursa düzəliş verməli olacaqlar.Jeffrey Immelt-in fikrincə ən yaxşısı artıq mövcud olan ticarət qaydaları arasında yol axtarmaqdır. "Axı daha çox iş yerlərini bütün dünya ilə düşmən olmadan da yaratmaq olar" - deyib General Electric şirkətinin başçısı (BBC). |
Bu xəbəri dostlarınla paylaş: