Qarabaq.info » Dünya » Amerika dünyaya qarşı


Amerika dünyaya qarşı


BMT Təhlükəsizlik Şurası Qüdslə bağlı sənəd qəbul edə bilməyib. Dekabrın 18-də keçirilən iclasda Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Misirin irəli sürdüyü layihədə qeyd olunur ki, Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ləğv edilməlidir. Layihə ölkələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.


Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü (o cümlədən daimi üzvlər Rusiya, Çin, Fransa, Böyük Britaniya) qətnamənin lehinə səs verib. Lakin ABŞ nümayəndəsi Nikki Heyli veto hüququndan istifadə edərək layihənin qəbulunu əngəlləyib.


Qüds layihəsinin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı bildirilir. Bu instansiyada sənədin qəbulu üçün üçdə iki səs çoxluğu tələb olunur.


Novator.az xatırladır ki, 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim (Qüds) beynəlxalq nəzarətə verilməli idi.


1948-ci ildə qurulan İsrail az sonra Yerusəlimi özünün paytaxtı elan edib, BMT-nin Fələstinə ayırdığı ərazilərin yarıya qədərini tutub.


1967-ci ildə İsrail Qüdsün şərq hissəsini, eyni zamanda İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal edib.


1988-ci ildə Fələstin müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 140-a yaxın ölkə, o cümlədən Azərbaycan tanıyıb.


2012-ci ildə BMT Fələstinə ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə tutduğu Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.


1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.


2017-ci il dekabrın 6-da Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalayıb.


İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-ü İstanbulda keçirilən fövqəladə zirvə toplantısının bəyannaməsində Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Bəyannamədə dünya ölkələri işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırılır.

Novator

Qarabaq.info