Elegiya əvəzi: Lütfi Zadənin köksündə iki ürək döyünürdü
28 sentyabr 2017 17:41
Baxış Sayı: 970,
Müəllif: Qarabaqinfo
Çap Et
Dünya şöhrətli alim Lütfi Zadə son və əbədi məkan olaraq vətəni Azərbaycanı seçdi O, Bakını 10 yaşında tərk etmişdi. 97 illik ömrünün 87 ilini vətəndən kənarda, 74 ilini bilavasitə Amerikada yaşadı. Lakin bu uzun ayrılıq qəlbindən vətən sevgisini çıxara bilmədi. Bəzən adama elə gəlirdi ki, şöhrəti bütün dünyaya yayılan Lütfi Zadə özünü amerikalı sayır, uşaqlıq çağlarını keçirdiyi Azərbaycan çox uzaq keçmişdə qalıb. Heç də belə deyilmiş. O, çox danışmağı xoşlamazdı, populizmdən, ritorikadan uzaq insan idi. Çox arayıb-axtardıq: müsahibələrində Azərbaycan, Bakı haqqında yalnız bir neçə fikrə rast gələ bildik. Bəzən giley-güzar eşidirdik: Lütfi Zadə Azərbaycanı unudub, doğulduğu torpağı yaddan çıxarıb. Sən demə, yanılırmışıq. Nəhayət, həqiqət anı yetişdi. Lütfi Zadənin ölüm xəbəri ilə yanaşı, bütöv bir xalqı riqqətə gətirən vəsiyyətini eşitdik: məni Bakıda dəfn edərsiniz. Məcazi mənada desək, böyük alimin köksündə iki ürək döyünürdü: biri elmə, digəri Azərbaycana bağlı ürək. Məcaz olsa da, indiki halda bundan uğurlu ifadə tapmaq çətindir. Kaliforniya, 6 sentyabr, saat 7:30 (Bakı vaxtı ilə 15:30). Bu, onun ürəyinin son dəfə vurub dayandığı vaxtdır. Cənazəni okeanın o tayından bu tayına gətirmək uzun çəkdi. Sənədləşmə aparmaq, xüsusi soyuducu konteyner hazırlamaq, münasib təyyarə reysini (San-Fransiskodan Bakıya birbaşa təyyarə uçmur) gözləmək lazım gəlirdi. Nəhayət, bütün prosedurlar başa çatdı. Lütfi Zadənin nəşi sentyabrın 26-da, ölümündən 20 gün sonra San-Fransiskodan Azərbaycana yola salınıb və sabah Bakıya yetişəcək. Böyük alim 87 illik ayrılıqdan sonra Vətən torpağına qovuşacaq. Bu dəfə həmişəlik... Qarabaq.info AZƏRTAC-a istnadən hüzn və qürurun eyni nöqtədə kəsişdiyi belə bir gündə böyük alimin ömür yoluna bir daha nəzər salır. Ömür yolu: Bakı–Tehran–ABŞ–Bakı Lütfi Zadəni cəsarətlə fenomen adlandırmaq olar. Bəşər tarixində, xüsusən son yüz ildə kəşf və nəzəriyyələri dünyaya səs salan, elmdə inqilabi dəyişikliklərə imza atan onun kimi alimlər çox deyil. Sadə və ibrətamiz ömür yolu da az maraq doğurmur: Bakı–Tehran–ABŞ–Bakı. Tərcümeyi-halından sətirlər: Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. On yaşında ikən ailəsi Bakını tərk edərək Tehrana köçüb. Orta təhsilini İranın paytaxtındakı Amerika kollecində tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən, 23 yaşında başlanıb. O, Tehranda kollecdə təhsil alarkən Amerika elmi və mədəniyyəti barədə müəyyən təsəvvürə malik idi. Elə buna görə də dünyanın bu fövqəl ölkəsinə, onun məşhur universitetlərində təhsil almağa can atırdı. Bunun həm də obyektiv səbəbləri vardı. Həmin dövrdə İran onun elm sahəsində maraqlarını təmin edən əlverişli yer deyildi. Odur ki, 1944-cü ildə arzularının arxasınca Amerika Birləşmiş Ştatlarına üz tutdu. Nəyə görə Amerikanı seçdiyi barədə sualı cavablandıran Lütfi Zadə deyirdi: “Mən Bakıda olanda bu barədə heç vaxt düşünmürdüm. Bakını tərk edib İranda Amerika kollecində təhsil alanda isə ancaq Amerikada olmaq barədə fikirləşmişəm. Mən Amerikanı çox sevirəm. Yenə də demək istəyirəm ki, bu ölkəyə mənə verdiyi bütün imkanlara görə minnətdaram. Başqa heç bir ölkədə bunlara nail ola bilməzdim”. Elmdə inqilab: Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi İyirminci yüzilliyin 60-cı illərində dünya elmində yeni bir inqilab baş verdi. 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsi meydana gəldi. Bununla da kibernetika ilə bağlı bütün təsəvvürlər dəyişdi. Yeni nəzəriyyə kosmik peyklərdə, Yerin və kainatın öyrənilməsində, qeyri-müəyyən obyektlərin araşdırılmasında mühüm rol oynamağa başladı. O, müasir sənayenin bütün sahələrində, intellektual robotlarda, maşınqayırmada uğurla tətbiq edilirdi. Dünyaya səs salan bu nəzəriyyənin müəllifi azərbaycanlı alim Lütfi Zadə idi. Onun altı mühüm nəzəriyyəsi hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir. Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərin də müəllifidir. O, alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzlər yaradılıb - Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası. Bu dahi insan Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. Alimin vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və həyata keçirir. Berkli Universitetində onlarla dünya şöhrətli alim dərs deyib, öz elmi araşdırmaları və kəşfləri ilə bəşər elmini zənginləşdirib. Professor Lütfi Zadə 1959-cu ildən bu məşhur universitetdə çalışmağa başlayıb. Əvvəllər elektrik mühəndisliyi kafedrasının müdiri, daha sonra isə kompüter mərkəzinin direktoru olub. Özünün qeyri-səlis məntiq nəzəriyyəsini də burada işləyərkən irəli sürüb. Uzun illər ABŞ elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən bu nəzəriyyə 1980-ci illərdə yapon alimlərində böyük maraq doğurub və Yaponiyada texnika və texnologiyanın inkişafına güclü təkan verib. Hazırda Yaponiyanın və Amerikanın bir sıra tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnərək böyük gəlir götürürlər. “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər böyük şirkətlər qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Təsadüfi deyil ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə uğurla tətbiqinə görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub. Alimlərin etirafı: Biz professor Lütfi Zadənin nəzəriyyəsindən bəhrələnirik Dünyanın bir çox tanınmış alimləri Lütfi Zadənin tədqiqatlarından, xüsusən də qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhrələndiklərini etiraf edir və onun haqqında çox yüksək fikirlər söyləyirlər. ABŞ professoru Ronald Yaqer: “İlk dəfə Lütfi Zadə tərəfindən tətbiq edilmiş qeyri-səlis çoxluqlar insan kimi qərarlar qəbul etmək qabiliyyətinə malik süni intellektli sistemlər yaradılması üçün çox mühüm vasitəni təmin edir. Bu, intellektdə informasiyanın bərpası üçün çox vacibdir. 1965-ci ildən etibarən Lütfi Zadə çox uğurla işləyir, öz ideyalarını inadla və məqsədyönlü şəkildə həyata keçirirdi. Bunun nəticəsi olaraq hazırda biz onun ideyalarının və işlərinin bəhrələrindən faydalanırıq”. Kanadalı professor Burhan Türksən: “Lütfi Zadəni dünyanın tanınmış alimləri arasında son zamanlarda elm aləminə ən çox təsir göstərən alimlərdən biri olaraq tanıyırıq. Elm dünyasına müxtəlif vaxtlarda töhfələri olmuş bir çox alim var. Lakin bunların arasında Lütfi Zadənin xüsusi yeri var”. Berkli Universitetinin professoru Stüart Rassel: “O, həmişə tənqidi tərif (kompliment) kimi qəbul edirdi. Bu, o deməkdir ki, insanlar onun nə söyləmək istədiyini anlayırdılar”. Kanadalı professor Madan Qupta: “Professor Lütfi Zadə qeyri-səlis məntiqin atasıdır. Onun bu sahə ilə əlaqədar ilk elmi məqaləsi 1965-ci ildə çap edilib. Mən inam və cəsarətlə deyə bilərəm ki, o, mənim müəllimim olub”. Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru seçilmişdi. Lütfi Zadənin həyat düsturu: elm üstəgəl Vətən... Lütfi Zadənin şəxsi keyfiyyətlərindən danışanlar onu, ilk növbədə, dahi alim və şəxsiyyət kimi səciyyələndirirlər. O, təbiətcə çox təmkinli, həddən-ziyadə təvazökar və yaxşılıq etməkdən zövq alan səmimi insan idi. Professor Lütfi Zadənin rəhbəri olduğu laboratoriyanın mindən çox əməkdaşı var. Azərbaycanda da bu sahədə elmi-tədqiqat işləri aparan alimlər az deyil. Müxtəlif ölkələrdən olan elm adamları görkəmli alimin yaratdığı laboratoriyada çalışır, elmi-tədqiqat işləri aparırlar. Böyük alim və sadə insan olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə işləmək onun ətrafındakılar üçün sonsuz qürur və şərəf idi. Gördüyü işlər sayəsində Lütfi Zadə özü ilə yanaşı, Vətəni Azərbaycanın da adını yüksəklərə qaldırıb. Sevindirici haldır ki, Azərbaycanda da Lütfi Zadənin elmi irsinə müraciət edən alimlərin sayı gündən-günə artır. Bir çox dissertasiya işləri müdafiə edilir, monoqrafiyalar, məqalələr yazılır, konfranslarda bu mövzuda dinlənilən məruzələr nüfuzlu jurnallarda dərc olunur. Həm Azərbaycanda, həm də ABŞ-da Lütfi Zadənin irsinə həsr olunmuş silsilə beynəlxalq konfranslar keçirilir. 1998-ci ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Bu qurum 2014-cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir. Elm üstəgəl Vətən... Bu, Lütfi Zadənin çox sadə, sadə olduğu qədər də böyük məna kəsb edən həyat düsturudur. Öz milli mənsubiyyəti ilə fəxr edən görkəmli alim Azərbaycanın inkişafını daim izləyir, uğurlarına qəlbən sevinirdi. Azərbaycan Prezidentinin ölkənin xoşbəxt gələcəyinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən, ona böyük ümidlər bəsləyən Lütfi Zadə deyirdi: “Prezident İlham Əliyev çox savadlı və müdrik insandır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir”. Prezident İlham Əliyev 2011-ci il 7 fevral tarixli Sərəncamı ilə Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edib. Bu orden ona elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə verilib. Dünya şöhrətli alim üçrəngli bayrağımızın rəmzi olan ordeni sinəsində fəxrlə, böyük qürur hissi ilə gəzdirirdi. Sanki sinəsi üstündə Vətən torpağının bir parçasını daşıyırdı... Görkəmli alim uşaq yaddaşında Bakı ilə bağlı ilişib qalmış xatirələri tez-tez dilə gətirirdi: “Bakı bulvarını xatırlayıram. Hamı orada gəzməyi xoşlayırdı. Mən 1965-ci ildə Bakıda olarkən adamların ciddi dəyişdiyini gördüm. Əvvəllər xoşuma gələn yerləri yaddaşımda bərpa edib canlandırdım. Hətta mən Buzovna çimərliyini də xatırlayıram. Bir sözlə, Bakı ilə əlaqədar yaddaşımda çox yaxşı xatirələr qalıb. Bakı ürəyimdə xüsusi yer tutur”. O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Səfər zamanı alim Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Lütfi Zadə bundan əvvəl Bakıda 1965-ci ildə olmuşdu. Ötən 43 ildə burada baş verən dəyişikliklər onda böyük təəssürat yaratmışdı. Bu barədə danışarkən deyirdi ki, Azərbaycan hər cəhətdən irəli gedib, Bakıda böyük abadlıq və quruculuq işləri aparılıb, elm və mədəniyyət yüksək səviyyədə inkişaf edib. Görkəmli alim bütün bu nailiyyətləri Prezident İlham Əliyevin respublikada elmə və mədəniyyətə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirir, dövlətimizin başçısı ilə görüşündən hədsiz məmnun qaldığını vurğulayırdı. Həmin səfərlə bağlı təəssüratlarını bölüşən alim müsahibələrindən birində deyirdi: “Azərbaycan mənim vətənimdir. Gözəl ölkədir. Bakı gözəl şəhərdir. 2008-ci ilin noyabrında Azərbaycanda olmuşam. Azərbaycan neftə görə başqa ölkələrdən daha zəngindir. Buna görə də Azərbaycanın vəziyyəti başqalarından daha yaxşıdır. Mən Prezident İlham Əliyev ilə görüşdüm və o, mənə çox yaxşı təsir bağışladı. Belə insanların ölkəni gələcəyə apara biləcək insanlar olduğunu düşünürəm”. Görkəmli alim 2016-cı ilin dekabrında Prezident İlham Əliyevə ünvanlandığı məktubda yazırdı: “...Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır”. Son mənzil: Azərbaycan böyük oğluna məhəbbətlə qucaq açır Dünya şöhrətli azərbaycanlı alimin 90 illik yubileyi altı il əvvəl Bakıda böyük təntənə ilə qeyd olunmuşdu. Bu gün isə Lütfi Zadə aramızda yoxdur. Onun ölümü həm dünya elmi, həm də Azərbaycan üçün böyük itkidir. Bu itkinin yerini həmyerlimizin dünya elminə verdiyi misilsiz töhfələr, işıqlı xatirələr doldurur. O, doğrudan da əbədiyaşarlıq qazanıb. Azərbaycan öz böyük və qədirbilən oğluna böyük məhəbbətlə qucaq açır. Lütfi Zadə Bakıda, Fəxri xiyabanda dəfn olunacaq. O, doğrudan da xalqımızın fəxridir. Hər bir xalq istəyər ki, onun kimi oğulları olsun. Bununla təskinlik tapır və qürur duyuruq ki, bu böyük alim bizim həmyerlimizdir - azərbaycanlı Lütfi Zadədir. Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|