Qarabaq.info » Cəmiyyət » Qollarını zəncirləyən bir qrup vətəndaş Bakıda aksiya keçirdi - VİDEO


Qollarını zəncirləyən bir qrup vətəndaş Bakıda aksiya keçirdi - VİDEO

 
"Övladlarımın həyatlarına təhlükə gələcəyi barədə təhdid olunmuşam" - etirazçı

Ləğv edilmiş MTN-nin rəhbərliyindən şikayətçi olan bir qrup vətəndaş bu gün Bakıda etiraz aksiyası keçiriblər.

Qarabaq.info Bizimyol.info istinadən xəbər verir ki, qollarını bir-birinə zəncirləyən etirazçılar təzyiqlərə məruz qaldıqlarını, insan və mülkiyyət hüquqlarının pozulduğunu, ailə üzvlərinin şərlənərək həbs edildiyini iddia ediblər.

Şikayətçilərdən biri qızıl alveri ilə məşğul olmuş Abdalova Ülviyyə İlyas qızıdır. O bildirib ki, 2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəydiyini vurğulayıb: “2006-cı ildə MTN məni və həyat yoldaşımı həbslə hədələyərək bizə məxsus 5 avtomobili, 10 mənzili ələ keçirdi. Hansı ki, bu mənzillərin 4-ü Yeni Yasamal, 4-ü Nərimanovda, 2-si isə Xırdalanda yerləşirdi”.
Ü.Abdalova artıq ərinin axtarışa verildiyini, özünün isə hər gün müxtəlif şəxslər tərəfindən ölümlə hədələndiyini deyib.


Digər şikayətçi Sevda Süleymanova isə bildirib ki, iş adamı olan həyat yoldaşı 2012 və 2013-cü illərdə “Afina” MMC və “OMAKS” MTK-ya qoyduğu sərmayələri geri istədikdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlaltısı Akif Mustafayev, Nail Şahverdiyev, Lətifə Hüseynova, Mübariz Məmmədov onu həbs etdiriblər: “Bütün əmlakımı məhkəməsiz, qərarsız əlimdən alıblar. Mənim və ailəmin başına min cür bəlalar gətiriblər. Bir neçə dəfə oğurlanıb saatlarla polis bölməsində saxlanılmışam. Övladlarımın həyatlarına təhlükə gələcəyi barədə təhdid olunmuşam. Bizə qarşı təzyiqlər davam edib”.

Etirazçı Elimdar İsmayılov isə adi yol qəzasına görə atası Məhərrəm İsmayılovun vəhşicəsinə döyülməsi, protez ayağının sındırılması, bununla yanaşı atasına köməyə gedərkən özünün də ölümcül şəkildə döyülərək xəstəxanalıq edilməsindən şikayətlənib: “Məni və atamı döyənlər keçmiş MTN-nin Baş Xüsusi Təyinatlılar İdarəsinin “Qartal” məxfi qurumunun 5 əməkdaşıdır. Atamla birgə mənə cinayət işi açılıb ki, guya biz həmin 5 nəfər xüsusi təyinatlıları döymüşük. Həmin şəxslər İnqilab Rzayev, Fəqan Əliyev, Bəhruz Məmmədov, Hidayət Kazımov və Toğrul Mirzəyevdir. Bu şəxslərə himayədarlıq edən həmin idarənin generalı Ceyhun Rzayevdir. Məlumat üçün deyim ki, İnqilab Rzayev Ceyhun Rzayevin yaxın qohumudur. Atam və məni bu şəxslər işdən çıxarıb dilənçi vəziyyətinə salıblar. Baxmayaraq ki, məhkəmədə bəraət almışıq. Amma bizi nə işlə, nə də kompensasiya ilə təmin etmirlər”.

Narazı vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün etiraz aksiyası keçirdiklərini bildiriblər. “Bizcə, bütün bu faktlar ölkə  başçısından gizlədilir. Biz ona məlumatın verilməsi üçün aksiya keçiririk. Dəfələrlə bu barədə hüquq mühafizə orqanlarına müraciət etsək də, müraciətimiz nəticəsiz qalıb. Ümid edirik ki, qanunu tapdalayan vəzifəli şəxslər və onların himayədarları məsuliyyətə cəlb olunacaq, biz vətəndaşların isə pozulmuş hüquqları bərpa olunacaq”,-deyə S.Süleymanova bildirib.