Qarabaq.info » İqtisadiyyat » 'Körpü bank'lar yaradılacaq?


'Körpü bank'lar yaradılacaq?

 

Rüfət Aslanlı



Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə deyib


«Maliyyə bazarlarına nəzarət orqanı çətinlikləri olan, könüllü restrukturizasiya (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi-AR) oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir. Bunun biri neçə yolu var».


İnzibati və mülki prosessual qanunvericiliyə təklif olunan dəyişikliklərin parlamentdə müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə deyib.


Onun sözlərinə görə, bu istiqamətdəki çalışmalara müxtəlif istiqamətlər daxil ola bilər.


«Səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək və onun aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla, artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar», - o, deyib.


R.Aslanlı Azərbaycanda «körpü bank»ların yaradılmasını təklif etdiklərini qeyd edib. «Körpü bank»ların tənzimləyicinin qərarı ilə yaradıla biləcəyini deyən R.Aslanlı yeni təklifin detallarına toxunub: ««Körpü bank» yeni bank yaradılması demək deyil. Burda söhbət ondan gedir ki, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradacaq. Bankın sağlam aktiv və öhdəlikləri də bu «körpü bank»a keçəcək. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır».


R.Aslanlı deyib ki, hazırda rəhbərlik etdiyi qurumda həm Azərbaycanda, həm də Gürcüstan və Rusiyada bank almaq istəyənlər haqda məlumat var.

«Biz belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik, bunu bilirik. «Körpü bank»ın yaradılması məhz bu məqsədə xidmət edir», - R.Aslanlı bildirib. amerikaninsesi.org