Qarabaq.info » Sosial » Zakir Qaralov: "QHT və partiyalar digər ölkələrdə hesablar açmaqla, Azərbaycana qanunsuz maliyyə gətirmək istəyir"


Zakir Qaralov: "QHT və partiyalar digər ölkələrdə hesablar açmaqla, Azərbaycana qanunsuz maliyyə gətirmək istəyir"

  

"Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub".

 

Qarabaq.info APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

 

Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.

 

Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın".