Qarabaq.info » Siyasət » Azərbaycan Prezidenti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul edib


Azərbaycan Prezidenti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul edib

 
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi.


Kestutis Yankauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.


Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dedi: “Mən qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm. Bu, təkcə enerji sahəsi deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir. Biz Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndiririk. Cənab Prezident, mən əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı səbirsizliklə gözləyirəm”.


Ölkəmiz və əməkdaşlığımızın perspektivləri ilə bağlı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlətimizin başçısı qeyd etdi ki, səfərindən dərhal sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanıldı və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev bildirdi ki, biz bu əməkdaşlığa önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub. Bunun əməkdaşlıq üçün çox gözəl əsas olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirdi.


Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə etdi.

Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas uzun illər təhlükəsizlik siyasəti ilə məşğul olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəsindən Azərbaycanın ərazi bütövlüyü kimi çox mühüm məsələnin həllində də istifadə edəcəyini dedi. Prezident İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədə toxunan səfir bunun əhəmiyyətini vurğuladı və müqavilə ilə bağlı Brüsseldə fəal iş aparıldığını dedi.


Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.




 
Qarabaq.info