Qarabaq.info » Siyasət » Azərbaycan prezidenti Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib


Azərbaycan prezidenti Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

 

Aprelin 10-da prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 


Dövlət başçısı bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirib.


“2017-ci il bizim üçün uğurlu il olacaq”, o qeyd edib.


Prezident Əliyev beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib, ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.


Dövlət başçısnın fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli cari ilin birinci rübündə diqqət mərkəzində olub.

Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.


Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran prezident bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır.


Dövlət başçısı vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.

Məlumatda deyilir ki, Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Əliyev Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u qeyd edib,


 

"Bu “referendum”u keçirməklə Ermənistanın bir daha özünü biabır edib", o bildirib.


“Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu “referendum”u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu”, deyən dövlət başçısı məsələ ilə bağlı ölkənin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd edib.


 

İqtisadiyyatın əsas göstəricilərinə nəzər salan Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib.


“Birinci rübdə valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artdı və bu gün valyuta ehtiyatları 38,5 milyard dollar təşkil edir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir”, o qeyd edib.



Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.