Qarabaq.info » Siyasət » Nazpəri Dostəliyeva efir qadağasını necə “sındırdı”?


Nazpəri Dostəliyeva efir qadağasını necə “sındırdı”?

  Xalq artisti Nazpəri Dostəliyeva nəhayət ki, 3 illik efir qadağasından sonra ilk dəfə ekranda görünüb.  Efirlərdən uzaq düşən müğənni bununla bağlı ötən il media nümayəndələrini bir yerə yığaraq mətbuat konfransı keçirmişdi. 
 Müğənni bildirmişdi ki, bir neçə il bundan əvvəl tanınmış siyasilərdən birinin oğlunun toy məclisində iştirakından sonra kimlərinsə zəngi və tapşırığı ilə televiziyaların qapısı üzünə bağlanıb. Mətbuat konfransının da bir nəticəsi olmadığını görən müğənni ölkə başçısına da müraciət ünvanlayaraq efirlərdən sifarişli qadağanın götürülməsini xahiş etmişdi.
Nəhayət ki, bu qadağa sentyabrın 26-da, ölkədə keçirilən konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) günündə aradan qaldırılıb. Xalq artisti Nazpəri Dostəliyeva uzun ayrılıqdan sonra ilk dəfə olaraq “Xəzər TV”- də Zaur Kamalın təqdimatında “5 də 5"verilişinin qonağı olub.
Verilişdən bir neçə gün əvvəl isə müğənni mətbuat vasitəsilə hər kəsi referenduma ”hə" deməyə çağırış etmişdi. Referendum günü isə seçkilərdə iştirak etməsi ilə bağlı fotosunu sosial şəbəkədə yerləşdirərək konstitusiyada edilən dəyişikliyi dəstəklədiyini qeyd edib. Qeyd edək ki, müğənni verilişdə çox həyəcanlı görünüb, efir üçün darıxdığını bildirib.
Xalq artistinin bir neçə gün öncədən çağırışlar edib, referendum günü efirə çıxmasını tənqid edənlər də tapılıb. Onunla əlaqə saxlayaraq məsələyə münasibətini öyrənməyə çalışdıq. Lakin müğənni qəti şəkildə heç bir müsahibə və ya açıqlama vermək istəmədiyini bildirdi. Müsavat.com