Qarabaq.info » Dünya » Donald Tramp KİV-də öz reklamına 140 milyon dollar xərcləyəcək


Donald Tramp KİV-də öz reklamına 140 milyon dollar xərcləyəcək

  

ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Tramp seçki gününədək KİV-də təşviqat kampaniyasına 140 milyon dollar xərcləmək fikrindədir.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, namizədin seçki qərargahından bu vəsaitin 100 milyon dollarının televiziya reklamına, 40 milyon dollarının isə elektron KİV-də təşviqata xərclənəcəyini bildiriblər.

Donald Tramp indiyədək seçki kampaniyasına rəqibi demokrat Hillari Klintona nisbətən xeyli az pul xərcləyib. The Washington Post qəzetinin hesablamalarına görə, respublikaçıların qərargahı prezidentlik yarışının lap əvvəlindən indiyədək bu məqsədə 90 milyon dollara yaxın vəsait yönəldib. Demokratların namizədinin reklam xərcləri isə hələ avqust ayında 300 milyon dolları ötüb.

Ipsos Beynəlxalq Sosioloji Mərkəzinin Reuters agentliyi ilə birgə keçirdiyi son rəy sorğusunun nəticələrinə görə, Klinton rəqibi Trampı 4 faiz fərqlə qabaqlayır. Belə ki, rəyi öyrənilən seçicilərin 41 faizi sabiq birinci lediyə səs verəcəyini bildirib. Milyarderi dəstəkləyənlər isə 37 faiz təşkil edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin olunub. Tramp və Klinton növbəti həftə ilk teledebatlar keçirəcəklər.     AZƏRTAC