Qarabaq.info » Dünya » Şeyx Kadırovun andiçmə mərasimində


Şeyx Kadırovun andiçmə mərasimində

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdə olub.


 Qarabaq.info Publika,az QMİ-nin saytına istinadən bildirir ki, səfər RF Çeçenistan Respublikasının başçısı seçilmiş Ramzan Kadırovun rəsmi andiçmə mərasiminə dəvət əsasında həyata keçirdi. Qafqaz müsəlmanlarının dini lideri kimi inauqurasiya mərasimində çıxış edən Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının və onun rəhbəri Zati-aliləri Prezident İlham Əliyevin təbriklərini və xoş arzularını çeçen xalqına və onun böyük səs çoxluğu ilə seçilmiş liderinə yetirdi. Öz növbəsində, cənab Ramzan Kadırovun Çeçenistan başçısı kimi fəaliyyət göstərdiyi illərdə Respublikasının həm sosial-iqtisadi, həm də mənəvi sahələrdə dirçəliş yaşadığını, Şimali Qafqazın dini-mənəvi mərkəzi kimi formalaşdığını diqqətə çatdıran QMİ sədri, R. Kadırovun bu dəfəki seçkilərdə də inamlı qələbəsini məhz xalqın və federal hökumətin inamını doğrultmuş məsuliyyətli rəhbərin fəaliyyətinə verilən yuksək qiymət, layiqli qələbə kimi səciyyələndirdi.

Qafqaz Müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından yenidən Çeçenistanın rəhbəri seçilmiş R. Kadırovu səmimi qəlbdən təbrik edən Şeyxülislam A. Paşazadə, onu, özunun qardaşı hesab etdiyi sabiq Prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırdı.

Rusiya Federasiyasının Qafqazdakı subyekt rəhbərlərinin də iştirak etdiyi inauqurasiya tədbirində çeçen xalqına R.Kadırovun rəhbərliyi altında yeni nailiyyətlər arzulayan QMİ sədri, Çeçenistan rəhbərini həmin günə təsadüf edən təvəllüd günü münasibətilə də təbrik edərək, ona cansağlığı və qarşıdakı fəaliyyətində daha böyük uğurlar dilədi, öz adından və bütün Qafqaz müsəlmanları adından xeyir-dua verdi.