Qarabaq.info » Dünya » Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurasının iclasları


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurasının iclasları

 

10-11 noyabr 2017-ci il tarixində Türkiyənin Antalya şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurası öz plenar iclaslarına başladı. Qeyd edək ki, Nuümayəndələr Şurasının iclasları Beynəlxalq Federasiya, Beynəlxalq Qızıl Xaç Komitəsi və 190 Milli QXQA Cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə hər 2 ildən bir keçirilir və 2 gün ərzində davam edir.


Nümayəndələr Şurasının plenar iclasının gündəliyindəki əsas məsələlər Hərəkat daxili əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsi, Hərəkatın Resursların Mobilizasiyası üzrə Prinsipləri, miqrantların humanitar ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyət, nüvə silahlarından istifadənin qarşısının alınması və təhsil kimi mövzularda irəli sürülmüş qətnamələrin müzakirəsi olmuşdur. Azərbaycan QAC-in nümayəndə həyəti müvafiq mövzular ətrafında çıxışlar edərək, qeyd olunan qətnamələri dəstəklədiklərini bildirmişlər. Qeyd edək ki, irəli sürülmüş bütuün qətnamələr Nümayəndələr Şurasının iştirakçılarının səs çoxluğu ilə qəbul olundu.


10 noyabr tarixində Azərbaycan QAC-in prezidenti Novruz Aslanov Beynəlxalq Federasiyanın yeni seçilmiş prezidenti Francesko Rokka və Beynəlxalq Federasiyanın Icraçı Katibi Elhadj As Sy ilə görüşmüşdür. Öncə Novruz Aslanov Francesko Rokkani Beynəlxalq Federasiyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib və ona bu humanitar missiyasında uğurlar arzulayıb. Azərbaycan QAC ilə Beynəlxalq Federasiya arasında moövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirən Novruz Aslanov qeyd etdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu münasibətlərin daha da genisləndirilməsi və gücləndirilməsi istiqamətində Beynəlxalq Federasiya ilə işləməyə daim hazırdı. Eyni zamanda Azərbaycan QAC-in prezidenti Novruz Aslanov Yaponiya QXC-in prezidenti Tadateru Konoe ilə görüş keçirmişdir. Görüs zamanı Milli Cəmiyyətlər arasında mövcud olan tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə olunmuşdur.


Nümayəndələr Şurasının iclasları zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti “Ailə əlaqələrinin bərpasi”, “Hərəkat daxili kommunikasiya”, “Möhkəmlik gündəliyini müəyyənləşdirmək-fövqəladə hallar və iqlim dəyişikliyi zamanı liderlik göstərmək”, “Sözlərdən Hərəkətə-icmalarin iştirakı və məsuliyyəti”,  “Psixososial dəstək” və “Məskunlanmiş ərazilərdə partlayıcı silahlardan istifadə” kimi mövzularda təşkil olunan seminarlarda fəal iştirak etmişlər.


Beynəlxalq Hərəkatin Nizamnaməvi Görüslərinin sonunda ənənəvi olaraq Hərəkatdakı fəallıqları ilə fərqlənən şəxslər Anri Dunant, Anri Davison, Florence Nightingale, “Gənclər  Hərəkatda” və “Könüllülük və

İnkişaf” medalları ilə təltif olundular. Belə ki, Britaniya QXC-in əməkdaşı professor Michael Bothe və Cənubi Sudan QXC-in əməkdaşı Arthur Agany Hərəkatın ən yüksək mükafatı olan “Anri Dunant” Medalı ilə təltif olundular. Eyni zamanda Türkiyə QAC-in könüllüləri qaçqınlara göstərdikləri yardımlara görə “Anri Davison” medalı ilə mükafatlandırıldılar. Qeyd edək ki, bu il 32 ölkədən 39 tibb işçisi Florence Nightingale Medaliı ilə təltif olundu. Bundan başqa Nikaraqua QXC, Braziliya QXC, Yeni Zellandiya QXC, Kolumbiya QXC, Fillandiya QXC, Korea Respublikasının QXC, Pakistan QAC və Tacikistan QAC gənc nümayəndələri öz aktiv fəallıqlarına görə “Gənclər Hərəkatda”, Nigeriya QXC və Cili QXC könüllüləri isə “Könüllülük və Inkişaf” mükafatına layiq görüldülər.


Son olaraq qeyd edək ki, Beynəlxalq Hərəkatın növbəti Nizamnaməvi Görüsləri 2019-cu ildə Cenevrə şəhərində keçiriləcəkdir.









Qarabaq.info