Qarabaq.info » Cəmiyyət » Təhqir, böhtan və şəxsi həyata müdaxilə ilə bağlı cərimələr artırılır


Təhqir, böhtan və şəxsi həyata müdaxilə ilə bağlı cərimələr artırılır

Azərbaycanda böhtana, təhqirə və şəxsi həyata müdaxiləyə görə cərimələrin son həddi artırılır.


Qarabaq.info APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.


Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimələr “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzləndirilir.


148-ci maddənin sanksiyasında isə “300 manatdan 1000 manata qədər” cərimələrin “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunur.


Bununla yanaşı, şəxsi həyata müdaxilə ilə bağlı cəza da ağırlaşdırılır. Belə ki, Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə dəyişiklik təklif edilib.


Dəyişikliyə əsasən, maddənin sanksiyasında nəzərdə tutulan “100 manatdan 500 manata qədər” cərimə “1000 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.


Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.