Dogru.Tv > Sosial > Azərbaycanda QHT-lərin yaşıllıqların mühafizəsinə ictimai nəzarət etməsi qaydası müəyyənləşib

Azərbaycanda QHT-lərin yaşıllıqların mühafizəsinə ictimai nəzarət etməsi qaydası müəyyənləşib


Tarix: 28-12-2016, 12:33. Müəllif: Qarabaqinfo
 

Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

 

Qarabaq.info APA-nın məlumatına görə, bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi mexanizmini müəyyən edir.

 

Qaydaya görə, yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir. Yaşıllıqların mühafizəsini həyata keçirən istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirləri tərtib edərkən fiziki və hüquqi şəxslərin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini təsdiq olunmuş iş planlarına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində aparırlar. Yoxlanılan ərazinin miqyasından asılı olaraq yoxlamanın keçirilmə müddəti 3 - 7) iş günü müəyyənləşdirilir və əsaslandırmaqla həmin müddət yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumun rəhbəri tərəfindən əlavə olaraq 5 iş günü müddətinə artırılır. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifələri sırasında yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin, bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında hesablanmasını həyata keçirmək, zədələnmə və ya məhvolma hallarında yaşıllıqların həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla, ərazinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən bərpa olunmasına nəzarət etmək daxil edilib.

 

Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından 5 iş günündən əvvəl yazılı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, nəzarətin həyata keçirilməsi yeri və vaxtı barədə məlumat verməlidirlər. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları, o cümlədən ictimai birliklər aşağıdakı hüquqlara malikdirlər:

 

- istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumatlar almaq;

 

- yaşıllıq ərazisində olan bitkilərin bioloji müxtəlifliyinin qorunub saxlanılması və səmərəli istifadəsi üzrə təkliflər vermək;

 

- yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin və qurğuların yerləşdirilməsi layihələrinin ictimai ekoloji ekspertizasını təşkil etmək və keçirmək;

 

- yaşıllıqların mühafizəsinə və inkişafına dair qərarların hazırlanmasında və müzakirəsində iştirak etmək, habelə bu sahədə maraqlı olan əhali ilə məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış etmək;

 

- yaşıllıq ərazilərinə baxış keçirmək;

 

- yaşıllıqların mühafizəsinə ictimai nəzarətin nəticələrini kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmaq və bu sahədə ictimai müzakirələr keçirmək;

 

- şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsinin, məhv edilməsinin, yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının alınması məqsədi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında vəsatət qaldırmaq;

 

- xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazinin mülkiyyətçilərindən və istifadəçilərindən mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasını tələb etmək.


Geri Qayıt