Dogru.Tv > Sosial > Azərbaycanda ürək-damar xəstəliklərinin artmaq və cavanlaşmaq təhlükəsi var

Azərbaycanda ürək-damar xəstəliklərinin artmaq və cavanlaşmaq təhlükəsi var


Tarix: 29-09-2016, 19:35. Müəllif: Qarabaqinfo
 

“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumata əsasən ötən il dünyada 17, 5 milyon insan ürək-qan damar xəstəliklərindən həyatını itirib. Azərbaycanda da hər il xeyli sayda insan məhz ürək-damar xəstəliklərindən vəfat edib. Bu da ölümə səbəb olan xəstəliklər arasında birinci sıradadır və ikinci sırada olan xəstəliklərlə çox ciddi fərq var”.

Qarabaq.info Bunu APA-ya Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyib.

 

Onun sözlərinə görə, dünyadakı tendensiyaya uyğun olaraq Azərbaycanda da ürək-damar xəstəliklərindən ölüm halları öz ənənəvi yerini qoruyur. O qeyd edib ki, bu sayın dünyada və Azərbaycanda getdikcə artmaq təhlükəsi var.

Bu xəstəliyin getdikcə cavanlaşdığını deyən K.Musayev vurğulayıb ki, artıq yaşı 30-40-dan aşağı olan insanlar üzərində də ürək əməliyyatları aparılır: “Bunun da çox müxtəlif səbəbləri var. Səbəblərdən ən əsası genetik əsaslarla bağlıdır. Bundan əlavə, qidalanma, passiv həyat tərzi, siqaret bu xəstəliyin gəncləşməsində çox ciddi rol oynayır. Azərbaycanda ürək-damar xəstəlikləri yaşlı populyasıyanın  (50-60 yaşdan yuxarı olan) xəstəliyidir. Bizi narahat edən odur ki, yaşlı populyasiyada bu xəstəliyə daha çox rast gəlinir və ölümə səbəb olur. Təəssüf ki, getdikcə daha gənc yaşda olan insanlarda bu xəstəliyə rast gəlinir və açıq ürək əməliyyatlarının edilməsinə ehtiyac olur”.


Geri Qayıt