Dogru.Tv > Siyasət > Müdafiə və xarici işlər nazirləri ABŞ müdafiə nazirinin köməkçisinin müavini ilə görüşüb
Müdafiə və xarici işlər nazirləri ABŞ müdafiə nazirinin köməkçisinin müavini ilə görüşübTarix: 31-10-2016, 19:51. Müəllif: Qarabaqinfo |
Müdafiə naziri ABŞ-ın Müdafiə katibinin köməkçisinin müavini ilə görüşüb Oktyabrın 31-də Azərbaycan müdafiə naziri Zakir Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, regiondakı hərbi-siyasi vəziyyət barədə məlumat verən nazir Həsənov Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini xüsusi qeyd edib. Nazir eyni zamanda Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq proqramları, o cümlədən NATO çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında danışıb. Mətbuat xidmətinin məlumatında deyilir ki, M.Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən cənab Karpenter şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib. Məlumatda deyilir ki, qarşılıqlı maraq doğuran görüşdə iki ölkə arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub. Maykl Karpenteri Elmar Məmmədyarovla görüşüb Maykl Karpenterin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Maykl Karpenter ABŞ tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirib. Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün destruktiv siyasət yürütdüyü və müxtəlif təxribatlara əl atdığını vurğulayıb. Görüşdə həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub. amerikaninsesi.org Geri Qayıt |