Dogru.Tv > Siyasət > Uorlik: "Kaspşikin missiyasının genişlənməsi vacib addım olacaq"
Uorlik: "Kaspşikin missiyasının genişlənməsi vacib addım olacaq"Tarix: 25-10-2016, 20:09. Müəllif: Qarabaqinfo |
“Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır”.
Qarabaq.info APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir. Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. apa. Geri Qayıt |