Dogru.Tv > Siyasət > Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İstanbulda mühüm bəyanatlar verdilər

Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İstanbulda mühüm bəyanatlar verdilər


Tarix: 11-10-2016, 12:01. Müəllif: Qarabaqinfo
 

İlham Əliyev: “Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətləri göstərir” 


Oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Tədbir 4 gün - oktyabrın 13-dək davam edəcək. Konqresdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Həmçinin toplantıya Rusiya prezidenti Vladimir Putin də qatılıb.

Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib.
Tədbirdə İlham Əliyev, Ərdoğan və Putinin yanaşı oturması da medianın diqqətini çəkib.
Tədbirin gedişində hər üç prezident çıxış edib.

“Biz Türkiyə ilə birgə enerji layihələri icra edirik”. APA-nın məlumatına görə, bunu İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, 100 il əvvəl Bakıda ilk neft çıxarılıb: “Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.

“Əsrin Müqaviləsi”ndən danışan prezident bildirib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək: “Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilisi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir: “Bu böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.

Prezident bildirib ki, Türkiyənin dünya enerji sahəsində rolu getdikcə artır və bu ölkənin inkişafı, sabitliyi bütün dünyaya lazımdır: “15 iyulda Türkiyə şərəflə çox çətin sınaqdan çıxdı. Xalq Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi, qiyamın qarşısı alındı. Biz sizinlə fəxr edirik”.

“Sülh üçün paylaşaq” 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır".

APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Afrika ölkələri ilə münasibətlərdən danışan Türkiyə prezidenti deyib ki, Afrika qitəsində enerji təminatı problemi var: “Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada  enerji təminatı olmayan 1 milyarddan çox insanın 600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir”.

Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: “Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizi ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı ”Türk axını" layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq".

Türkiyə prezidenti qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq.

Putin isə çıxışında deyib ki, neftin hasilatının dondurulması və azaldılması enerji bazarının dayanıqlığının qorunmasının yeganə yoludur. O vurğulayıb ki, Rusiya bundan sonra da qlobal enerji bazarlarında neft və qazın etibarlı tədarükçüsü olacaq: “Karbohidrogen erası bitmək üzrədir” demək üçün hələlik real əsas yoxdur".

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparacaqlar. Müsavat.com


Geri Qayıt