Dogru.Tv > Siyasət > "Qərb üçün sabit Azərbaycan hər şeydən vacibdir" — Politoloq rəyi

"Qərb üçün sabit Azərbaycan hər şeydən vacibdir" — Politoloq rəyi


Tarix: 4-10-2016, 18:01. Müəllif: Qarabaqinfo

Dağlıq Qarabağ problemini həll etməyə söz verən Rusiya son dönəmlər məsələ ilə bağlı susqundur.

Bunun əksinə isə ABŞ tərəfi son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı bəyanatlar səsləndirir. ABŞ rəsmiləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsini bildirirlər.

Rusiyanın son zamanlar susqun, ABŞ-ın isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aktiv davranması maraqla qarşılanır. Bunu politoloqlar ABŞ-ın yeni strategiyası ilə bağlayırlar.

Qarabaq.info  Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"2-5 aprel hadisələrindən sonra Rusiyanın fəallığı, özü də guya Dağlıq Qarabağ problemini həll edəcəkləri, 5 rayonun geri qaytarılacağı ilə bağlı müxtəlif bəyanatları ona yönəlmişdi ki, Azərbaycanın sayıqlığını azaltsınlar, müharibə riskini minimuma endirsinlər, Ermənistanı bir növ zərbədən yayındırsınlar. Rusiya yaxşı bilirdi ki, Azərbaycanı dayandırmasa, Azərbaycan bütöv Dağlıq Qarabağ ərazisini işğaldan azad edəcək.

Belə görünür ki, o zaman ermənilərin Rusiya əleyhinə çıxışları, anti-Rusiya mövqeləri ortaya qoymaları da oyun idi. Rusiya rəsmilərinin Azərbaycana gəliş-gedişi, Azərbaycana müxtəlif vədlərin verilməsi, 2-5 aprel döyüşlərindən sonra prezidentlərin görüşünün təşkil edilməsi yalnız göz aldatmaq üçün olub. Elə ki, ruslar görəndə ki, daşlar yerinə oturdu, ondan sonra Dağlıq Qarabağ münaqişəsinin adını belə tutmadılar.

Putin Cənubi Qafqazda bu məsələni həll etmək niyyətində deyil. Hər iki dövləti özündən asılı vəziyyətdə saxlamaq üçün problemin dondurulmuş variantda qalmasını istəyir. Medvedev hətta Bakıda bildirdi ki, hazırki status-kvonun qorunması daha yaxşı variantdır. Medvedev bunu deməklə Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı arzuları barədə ip ucları vermiş oldu.

Rusiya problemin həll olmasında həvəssizdir, üstəlik Ermənistanın silahlandırılması davam etdirilir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cənub qanadının hava hücumundan müdafiə sistemini yaradırlar. Ermənistanın silahlanması, Azərbaycana qarşı güc yığması və bunun KTMT-nin hava hücumundan müdafiə adı altında aparılması onu göstərir ki, Rusiyanın Azərbaycanı strateji tərəfdaş adlandırması adı altında səsləndirdiyi fikirlərin özü də yalandır".

Son dönəmlər Rusiyanın susması və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif fikirlər səsləndirməsi ilə bağlı danışan politoloq bildirdi ki, ABŞ rəsmilərinin bəyanatlarını nəzərə alsaq və onun doğru olduğunu güman etsək, ABŞ Rusiyanın həm silahlanıb, həm də müxtəlif yollarla fövqəldövlətə çevrilmək cəhdinin qarşısını alır:

"Rusiya mediası yazmağa başlayıb ki, ABŞ Cənubi Qafqaza müxtəlif bəhanələrlə qoşun yeritmək istəyir. ABŞ-ın son zamanlar Dağlıq Qarabağ problemi ətrafında danışması, onun Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyi ilə bağlıdır. ABŞ yaxşı başa düşür ki, Cənubi Qafqaz Orta Asiyaya açılan qapı deməkdir. Cənubi Qafqazdan sonra isə ABŞ-ın Orta Asiyanı əldə etməsi o qədər də çətin olmayacaq. Nəticə etibarı ilə belə bir fikir mövcuddur ki, Cənubi Qafqaz və Orta Asiyaya sahib olmaq, bütün Avrasiya materikinə sahib olmaq deməkdir. Rusiyanı təzyiq altında saxlamağın əsas nöqtəsi Cənubi Qafqaz və Orta Asiya respublikaları ola bilər ki, ABŞ-ın hazırladığı strategiyada da bu mövqelər Rusiya ilə mübarizədə əsas məntəqələrdən hesab olunur.

Rusiyanı yerində oturtmadan nə münaqişə ocaqlarını söndürmək mümkün olacaq, nə də ABŞ-ın bəyan etdiyi yeni dünya düzənini bərqərar etmək. Ona görə də, son dövrlərdə Cənubi Qafqazdan, Orta Asiya respubliklarından danışıla-danışıla əsas diqqəti Rusiyanın necə sıxışdırıla biləcəyi taktikasına yönəldirlər. Rusiya bunları başa düşərək Dağlıq Qarabağ problemindəki fəallığını müəyyən qədər azaltdı. Rusiya nə qədər hay-küy salıb əzələ nümayiş etdirsə də, artıq ehtiyatlanmağa başlayıb.

ABŞ-ın bu yöndəki strategiyasında həm Gürcüstanın ərazi bütövlüyü, həm də Dağlıq Qarabağ məsələsinin həlli durur. ABŞ adminstrasiyasında əvvəllər bu məsələyə diqqətsiz yanaşanlar, Azərbaycanın ərazi bütövlüyünə səthi yanaşanlar, hətta Ermənistanın xeyrinə fikir səsləndirənlər var idi. İndi vəziyyət dəyişib, hətta dünənə qədər ermənipərəst olan Con Kerri də belə düşünməyə başlayıb ki, ABŞ maraqları naminə Azərbaycanı ön plana çıxarmalı və Qərbin enerji təminatçısı kimi qorumalıdır.

Artıq Qərb Azərbaycanda insan haqları, keçirilən seçkilərlə bağlı əvvəlki kimi sərt mövqe nümayiş etdirmir. Onlar üçün sabit Azərbaycan hər şeydən vacibdir. Qərb bunu Rusiyaya qarşı planlaşdırdığı strategiyanın tərkib hissəsi hesab edir. Rusiyanın son zamanlar susqunluğu ABŞ-Rusiya münasibətləri ilə qırılmaz bağlıdır. Əgər Azərbaycan tərəfi yaranmış vəziyyəti düzgün dəyərləndirib lazımi addımlar atsa, ərazi bütövlüyümüzü təmin edə bilərik".


Geri Qayıt