Ekspert bürokratiyanın azaldılması və korrupsiyanın ləğvi üçün çıxış yollarını göstərdi
Azərbaycanda uzun müddətdir ki, hökumətdə gözlənilən struktur islahatları başlamaq üzrədir. “Azərbaycan” qəzetində dərc olunan məqaləsində baş nazirin müavini Əli Əhmədov bunun anonsunu edib. O bildirib ki, Azərbaycanda dövlət aparatı ixtisar olunmalı, idarəetmə təkmilləşdirilməli, o cümlədən bürokratik əngəllər və korrupsiyanın qarşısı birdəfəlik alınmalıdır. Mövcud durum və atılacaq olan addımların nəticələri barədə “Yeni Müsavat”a açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu danışıb. Q. İbadoğlu qeyd edib ki, doğrudan da idarəçilikdə paralelçilik, təkrarlanma halları mövcuddur:
“Bir funksiyanın bir neçə təşkilat tərəfindən icrası problemləri də mövcuddur ki, bunlar aradan qaldırılmalıdır. İlk növbədə çalışmaq lazımdır ki, optimal, çevik idarəetmə sistemi olsun və qərarların qəbulunda iştirakçılıq imkanları yüksək olsun. Yəni qərarların qəbul edilməsində monopoliyalar götürülsün. Ancaq eyni zamanda bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün mövcud idarəetmə sisteminin problemi yalnız izafi ştat, iş yerləri ilə yekunlaşmır. Problem həm də əməyin ödənişindədir. Dövlət məmurları bu gün layiqli əmək haqqı almırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aylıq 180 manat əmək haqqı alan nazirlik, aparat işçiləri var. Yaxud da Maliyyə Nazirliyində illərlə 300-400 manat əmək haqqı alanlar var. O baxımdan, bu gün əgər Azərbaycan hökuməti struktur islahatları aparmaq, dövlət idarəetməsinin keyfiyyətini artırmaq istəyirsə, həm də məmurların əmək haqqı məsələsinə baxmalıdır. Həm struktur, institusional, əmək haqqı islahatları getməli, həm də kadr potensialı gəncləşdirilməlidir. Hesab edirəm ki, bütün bunlar baş verdikdən sonra Azərbaycanda optimal, çevik və keyfiyyətli ali idarəetmə sistemini formalaşdırmaq mümkün olar”.
Ekspert struktur islahatlarından sonra yarana biləcək işsizlik barəsində də fikir bildirib: “Bəzən dövlət sektoru özəl sektorun işinə müdaxilə edir. Eyni zamanda onların fəaliyyətində yersiz və haqsız yoxlamalarla problemlər yaradır. Buna görə də dövlət sektorunun islahatı bir çox ölkələrdə özəl bölmənin inkişafına gətirib çıxarıb. Əgər Azərbaycan təcrübəsinə baxarsaq, bu cür hallar bizdə də istisna deyil. Azərbaycanda dövlət sektorunun özəl sektora kifayət qədər müdaxiləsi nəticəsində ümumi inkişafa neqativ təsir göstərən aspektlər də mövcuddur. Mənə elə gəlir ki, biz, burada vəziyyəti yalnız iş yerləri, əmək haqqı baxımından dəyərləndirməli deyilik. Bu gün Azərbaycanda Nazirlər Kabinetini ləğv etsələr, yəqin ki, heç nə dəyişməz. Çünki o kabinetin fəaliyyəti görünmür. Eyni zamanda ora rəhbərlik edənlərin vəzifəsi, funksiyası nominal xarakter daşıyır. Ancaq onun üçün dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır. Eyni zamanda ayrılan bu vəsaitlər onların yalnız əmək haqqı üçün deyil, həmçinin saxlanmalarına, xidməti fəaliyyətlərinin maliyyələşməsinə də sərf olunur. Dövlət bölməsində islahatlar gedərkən nəzərə almaq lazımdır ki, idarəetmə aparatı ilə yanaşı, həm də əlavə xərclər var. Bu xərcləri yaradan dövlət xidməti avtomobillərinin sayı, qiyməti, onlara xidmət edən strukturların mövcudluğu və digər bu kimi hallardır. Bütün bunlara isə yuxarıda da qeyd etdiyim kimi, kompleks formada yanaşmaq lazımdır”.
Q. İbadoğlu bildirib ki, Azərbaycanda dövlət orqanlarının xərc normativlərinə də yenidən baxmaq lazımdır: “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda baxırsan ki, qonaqların qəbulu, onların yerləşdirilməsi, yeməyi və digər bu kimi istiqamətlər üzrə xərc normativləri kifayət qədər yüksəkdir. Məsələn, bir axşam yeməyinə 60 manat pul ayırırlar. Məgər bir adam doğrudanmı 60 manatlıq yemək yeyir? Azərbaycanda bir banket üçün adambaşına 80-100 manat məbləğində pul ayırırlar ki, bu da kifayət qədər yüksək normativdir. Ona görə də düşünürəm ki, bu xərclərə də yenidən baxmaq lazımdır. Bürokratiyanın ləğvi barəsində də onu bildirim ki, bu, hər yerdə mövcuddur. Heç zaman iddia etmək olmaz ki, bürokratiya ləğv olunacaq. Sadəcə olaraq, bürokratiya azala bilər. Bunun da ən yaxşı yollarından biri elektron hökumətin qurulması, vətəndaşla məmur arasındakı ünsiyyətin minimuma endirilməsidir. Eyni zamanda buna şərait yaradan halların da aradan qaldırılmasına gərək var. Əgər bu kimi hallar baş verərsə, o zaman bürokratiya azalacaq. Heç Amerikada belə bürokratiyasız dövlət aparatı yoxdur. Bizim üçün başlıca məqsədlərdən biri bürokratiyanın azalması, eyni zamanda korrupsiyanın aradan qalxması olmalıdır. Korrupsiyanın da qarşısını almaq üçün onlara normal, layiqli əmək haqqı vermək gərəkdir. Əks təqdirdə, korrupsiya və bürokratiya hər zaman mövcud olacaq”.
Geri Qayıt
|