Dogru.Tv > Gündəm > Parlament dini ekstremizmə qarşı qaydaları sərtləşdirdi

Parlament dini ekstremizmə qarşı qaydaları sərtləşdirdi


Tarix: 29-10-2016, 22:02. Müəllif: Qarabaqinfo

 

“Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə mühüm dəyişikliklər edildi

 

Deputatlar “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini də müzakirə etdilər


Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov qeydiyyatdan və gündəliyi təqdim etdikdən sonra müzakirələrə başlanıldı.

Deputat Qüdrət Həsənquliyev çıxışında Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırdı: “İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq. Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər”.Q.Həsənquliey bildirdi ki, bəzi mənşəyi bəlli olmayan media orqanları bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar: “Ona görə də mən Türkiyə və İranla viza rejiminin qaldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.
“Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov məlumat verdi. Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəmnində milli, irqi ayrı seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrum etmə sanksiyalarını əhatə edir.
Komitə sədri bildirdi ki, Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır. O, deyib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azərbaycanda 2166 məscid var, onun da 1600-ü daimi fəaliyyət göstərir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində ilahiyyatçı ixtisasları, həm də İslam universitetində fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq. O cümlədən xaricə gedib orada təhsil alıb informasiya almaq məsələləri də bizim gündəliyimizdə var”.
S.Novruzovun dediyinə görə, təklif olunan dəyişikliklər  Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərilməsinin, həm dövlətin konstitusion quruluşunun dəyişdirilməsinin, həm də Azərbaycanda dünyəviliyin pozulmasının qarşısını  alır: “Xaricə gedib orada təhsil alıb informasiya  almaq məsələləri də bizim  gündəliyimizdə var. İctimai televiziya, eləcə də televiziya və teleradio yayımları haqqında qanunda da  göstərilib ki,  informasiyalar hansı miqdarda  hansı hallarda hansı formada gedə bilər. Əks halda onların fəaliyyəti dayandırılacaq”.
“Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var”. Bunu isə deputat Fazil Mustafa dedi. Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır: “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.
“Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər”. Bu fikirləri isə deputat Qənirə Paşayeva səsləndirdi. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb: “Sadəcə, bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünyanın bir çox ölkəsi cəhənnəmə çevrilib. Mən elə bu günlərdə Kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Deputat bildirib ki, burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O deyib ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sonra da müxtəlif platformalarda dəstək verəcək, yanımızda olacaq”.
Q.Paşayeva ümidvar olduğunu bildirdi ki, Azərbaycan bundan sonra da Kərkükdə yaşayan soydaşlarımıza sahib duracaq və onlara dəstək verəcək: “Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanın müvafiq qurumları bu istiqamətində fəaliyyət göstərir. Ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olmalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq”.
Millət vəkili onu da əlavə etdi ki, dini ekstremizimin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: “Bu yolla maarifləndirmə işi aparılmalıdır”.
Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyərək xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşma zərurətindən bəhs etdi: “Unutmayaq ki, dini təhsil ardınca gedənlərin heç də hamısı özbaşına getmir, onları ayrı-ayrı dairələr bu təhsilə cəlb edir”.
Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırlatdı. Eyni zamanda qeyd etdi ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, xaricə təhsil almağa gedənlər ölkədə təhsil almağa üstünlük verər: “Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.
Vitse-spiker Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
Spiker Oqtay Əsədov isə “xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı” deyə, irad tutdu və məsələni səsverməyə çıxardı.
Bundan sonra qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edildi.“Kütləvi informasiya vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edildi. Burada dini ekstremizmə qarşı nəzərdə tutulmuş əməliyyat məlumatlarının yayılmasına yol verilməməsi məsələsi əksini tapır. Həmçinin dəyişikliyə görə, əməliyyat aparılan xüsusi zonada KİV əməkdaşlarının iştirakı əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.“Ermənistan zaman-zaman ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq biz səngərdə dayanan erməni ilə mülki ermənini fərqləndirməliyik. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik”. Bunu isə deputat Zahid Oruc söylədi.“Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vahe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi” - deyən Z.Oruc bu məsələlərə həssas yanaşmağın zəruriliyindən danışdı: “Azərbaycana ərazi bütövlüyünü tanıyan, konstitusiyaya hörmət edən, Azərbaycan xalqına cinayətlərdə iştirak etməyən, şəhidlər qarşısında üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”.Deputat ardınca deyib: “Amma bilmək istərdim, sabah Azərbaycanın ərazi bütövlüyünə, konstitusiyasına və qanunlarına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək? Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunlarına və ərazi bütövlüyünü tanıyanlar, münaqişəyə obyektiv mövqe bəsləyən ermənilər var. Gərək biz bundan yaralanaq. Çünki Ermənistan rəhbərliyi Əlikram Hümbətov, Fəxrəddin Abbasov və digərlərindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü, konstitusiyanı və xalqımıza qarşı cinayətlərdə iştirak etməyən və hadisələr görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik. Əgər Azərbaycan bəyan edibsə ki, biz muxtariyyətə razıyıqsa, səngərdə olan əsgərlərə də bunu çatdırmalıyıq”.“Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın”. Bunu isə deputat Fəzail Ağamalı dedi. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.Daha sonra Azərbaycan prezidentinin təqdimatı ilə Gömrük Məcəlləsinə əlavələr də müzakirə olundu. Dəyişiklikdə Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistemin tətbiqi təsbit olunur. Təklif olunan 13-1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı buraxılış sistemləri tətbiq olunur.“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi də müzakirəyə çıxarıldı. Deputat Aqil Abbas çıxışında maraqlı məqama toxundu: “Bizim bir idmançımızda 8 ildən sonra dopinq aşkarlayıblar. Məlum olub ki, bunun analizləri hələ qalıb. Sən demə, dopinq qəbul edirmiş. 8 ildə heç ölü qalmır, çürüyür gedir.Ona görə də düşünürəm ki, bu dopinq məsələsində həm də siyasi məqsədlər var. Bir ölkəni bir və ya iki nəfərə görə cəzalandırmaq istəyirlər".Deputat Qüdrət Həsənquliyev isə qeyd etdi ki, Azərbaycan idmançılarının adı mütəmadi olaraq dopinqdən istifadədə hallanır: “Bizim ağırlıqqaldıranları yarışlara buraxmalıdırlar. Bu yeni qanunda federasiyaların üzərinə də məsuliyyət qoyulmalıdır. Amma sanksiyaları federasiyaların üzərinə qoymaq düzgün deyil. Çünki onların maliyyə imkanları da yaxşı deyil”.Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda konseptual olaraq qəbul edildi.“Kredit büroları haqqında” qanun layihəsini isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Deputat Musa Quliyev bildirdi ki, kredit bürolarının fəaliyyəti ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.Deputat Vahid Əhmədov isə dedi ki, qanunun icra mexanizmi düzgün qurulsa, bank sektorunda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalacaq.Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı dedi ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq: “Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir”. Sonda qanun layihəsi II və III oxunuşda səsə qoyularaq qəbul edildi.İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı.  5 fəsil 24 maddədən ibarət olan layihəyə görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.Qanun layihəsi müzakirələrin yekununda səsverməyə çıxarılaraq qəbul edildi. Müsavat.com
Geri Qayıt