Dogru.Tv > Gündəm > Müdafiə Nazirliyi: Cəbhədə təxribata cəhd olub
Müdafiə Nazirliyi: Cəbhədə təxribata cəhd olubTarix: 27-10-2016, 17:46. Müəllif: Qarabaqinfo |
"Oktyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərib". Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. “Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib”, mətbuat xidməti bildirir. Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhə xəttində atəşkəsin pozulduğunu və Azərbaycan Ordusu tərəfindən müxtəlif tipli silahlardan 200-dən çox atəş açıldığını bildirir. İtki və yaralılar barədə məlumat verilmir. Azərbaycan tərəfi isə sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyunca 26 dəfə atəşkəs rejimini pozduğunu bildirir. Cəbhədə gərginlik ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən bir neçə gün sonraya təsadüf edir. Belə ki, həmsədrlər oktyabrın 23-25-də regionda səfərdə olub və prezidentlərin növbəti görüşü, tərəflərin mövqelərinin dəqiqləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparıb. Həmsədrlərin birgə bəyanatında deyilir ki, görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Amerikal həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, işğal olunmuş ərazilər qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə ediləcəyi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil. “İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaradıcı qüvvələrin yerləşdirilməsi ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı, dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, Uorlik qeyd edib. Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Sonra Rusiyanın təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. amerikaninsesi.org Geri Qayıt |