Dogru.Tv > Gündəm > Hüquq müdafiəçiləri Cahangir Hacıyevin hüquqlarını müdafiə edərlərmi?
Hüquq müdafiəçiləri Cahangir Hacıyevin hüquqlarını müdafiə edərlərmi?Tarix: 12-10-2016, 19:27. Müəllif: Qarabaqinfo |
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmədə son söz söyləyən Cahangir Hacıyev ötən proseslərdə olduğu kimi özünü haqlı çıxarmağa, heç bir əsaslı qanun pozuntusuna yol vermədiyini göstərməyə çalışsa da, onun vəsatətləri qəbul olunmayıb. Prosesdə dövlət ittihamçısı C.Hacıyevə 17 il iş istəyib. Bəs hüquq müdafiəçiləri Cahangir Hacıyevin hüquqlarını müdafiə edərlərmi? Mövzu ilə bağlı musavat.com-a danışan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, əgər o, həbsxanada incidilərsə, təbii ki, hər bir məhkumun olduğu kimi, onun da müdafiə hüququ var: “Belə olarsa, onun hüquqlarını müdafiə edərik. Ancaq qəti qərardan, məhkəmənin düzgün aparılmamasından narazıdırsa, bu barədə bir söz deyə bilmərəm. Yəni inanmıram ki, elə bir müraciət olsun və biz də onu müdafiə edə bilək”. Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, əgər, Cahangir Hacıyevə həbsxanada işgəncə verilərsə, o, döyülərsə və şikayət olarsa, sözsüz ki, onu müdafiə edərik: “Ancaq indiki halda bu məsələyə biz qarışmırıq. Hazırda onun müdafiəsini hüquq müdafiə orqanları özləri təşkil etməlidirlər. Biz yalnız yuxarıda söylədiyim hallar olarsa, Cahangir Hacıyevi müdafiə edə bilərik”. Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. Müsavat.com. Geri Qayıt |