Dogru.Tv > Gündəm > Daniel İoannisyan: ‘‘İsgəndər”lərin Qarabağda yerləşdirilməsi təhlükəlidir’’

Daniel İoannisyan: ‘‘İsgəndər”lərin Qarabağda yerləşdirilməsi təhlükəlidir’’


Tarix: 28-09-2016, 13:54. Müəllif: Behruz
Ermənistanda “İsgəndər” tipli operativ taktik raket sistemlərinin sentyabrın 21-də İrəvanda  hərbi paradda nümayiş etdirilməsindən sonra həm Azərbaycan mətbuatı, həm də erməni qəzetləri bu məsələni gündəmin əsas mövzularından  birinə çeviriblər.
Erməniləri sevindirən bu raketlərin Azərbaycanı iri miqyaslı hücum perspektivindən çəkindirəcəyi iddiasıdır.
Bunu erməni mətbuatında çıxan saysız-hesabsız analitik yazılar, hərbi ekspertlərdən alınan müsahibələr, fikirlər və rəylərdən görmək olar.
Lakin qonşuda “İsgəndər”lərlə bağlı məsələyə ehtiyatlı yanaşanların sayı da az deyil.
Bunlardan biri də nüfuzlu “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının rəhbəri Daniel İoannisyandır.
İoannisyan bununla bağlı “lragir” saytında xüsusi maraqlı yazı dərc edib.  Yazı müəllifinin qeyd etdiyi xüsusi raketlərin Rusiyadan hansı maliyyə şərtləri ilə alınması məsələdir.
“Məlum olduğu kimi, 2015-ci ilin iyunu 26-da (Azərbaycanda Milli ordu günü-red.) İrəvanda Rusiya və Ermənistan arasında “Ermənistan hökumətinə dövlət ixracat kreditinin verilməsi barədə” saziş imzalanıb. Sazişə əsasən Ermənistan Rusiyadan alınan 200 milyonluq kredit müqabilində ondan hərbi texnika almağı öhdəsinə götürüb. Kreditin 10 il ərzində ödənilməsi nəzərdə tutulub.
Hər halda Ermənistanın Maliyyə Nazirliyinin 2016-cı ilin 13 sentyabrına qədər verdiyi məlumata əsasən 200 milyonluq kredit heç yana xərclənməyib.
Yəni belə çıxır ki, əslində yeni silah da alınmayıb.Bu, “İsgəndər”lərin məlum 200 milyonluq kreditlə alnmadığını göstərir. Bunu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan “Azadlıq” radiosuna verdiyi müsahibədə də təsdiq edərək, raketlərin dövlət büdcəsi hesabına əldə edildiyini söyləyib.
Lakin belə olan halda bu sövdələşmənin əslində erməni vergi ödəyicilərinə hansı qiymətə başa gəldiyini söyləmək də mümkün deyil.
Bundan başqa “İsgəndər”lərlə bağlı müqavilə nə  BMT-nin adi silahlarla bağlı reyestrində, nə də sülh problemlərinin araşdırılması üzrə Stokholm beynəlxalq institutunda də qeydə alınıb.
Müxtəlif hesablamalara görə, “İsgəndər” tipli raket sisteminin bir briqadasının qiyməti 200-300 milyon dollar təşkil edir. Bir briqada isə 12 buraxılış qurğusundan ibarətdir. Paradda isə 4 qurğunun nümayiş etdirildiyi nəzərə alınsa “İsgəndər” raketlərinin Ermənistan büdcəsinə 70-100 milyon dollara başa gəldiyini söyləmək olar”.
İoannisyanın bu yazısından müəllifin bu raketlərin əslində Ermənistana məxsus olmadığını söyləmək istədiyi qənaətinə gəlmək olar.
Bundan başqa, İoannisyan “Ballistik raketlərin yayılmasının qarşısının alınması haqqında” Haaqa konvensiyasına görə Ermənistana sadəcə 300 km-lik hədəfləri vura biləcək raketlərin verilə biləcəyini yazıb.
“Ermənistanın ən yaxın nöqtəsindən isə Bakı 395 km uzaqlıqda yerləşir. Raketlərin Qarabağda qurulması isə həm hərbi həm də diplomatik mənada olduqca təhlükəlidir”,- deyə yazı müəllifi qeyd edib.
 Musavat.com
Geri Qayıt