Dogru.Tv > Dünya > Yaxın Şərqdə İran-Türkiyə toqquşması

Yaxın Şərqdə İran-Türkiyə toqquşması


Tarix: 19-12-2016, 13:11. Müəllif: Qarabaqinfo
 

İranla Türkiyə qarşıdurma həddinə çatsa, bu, Yaxın Şərqin gələcəyindən ötrü çox təhlükəli olar.


Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetində dərc olunan analizdə qeyd olunub.

Məqalədə İranla Türkiyə arasında ziddiyyətlərin artması və bu təhlükəli tendensiyanın yaradacağı fəsadlar qeyd olunub:

“İranla Türkiyə arasında bugünkü qarşıdurma onların əcdadlarının – Bizans və Fars imperiyalarının Mesopotamiya, yəni indiki İraqla Suriya uğrunda mübarizəsinin təkrarıdır. Quruluşunu dəyişmiş iki ölkə 200 ildir qoruyub saxladığı sülhü indi pozmaq üzrədir. Hər ikisi Suriya və İraqdakı sünnilərlə şiələrin münaqişəsinə qoşulub və son illərdə əldə etdikləri iqtisadi əməkdaşlığın üstündən xətt çəkməyə hazırmış kimi görünürlər.

İranla Türkiyə qarşıdurma həddinə çatsa, bu, Yaxın Şərqin gələcəyindən ötrü çox təhlükəli olar. Hadisələrin indiki inkişafı daha çox qan tökülməsinə, stabilliyin bir az da pozulmasına, ehtiyatsızlıq edilərsə, hətta birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər”.

Analizdə Türkiyə və İranın Suriyada aktivliyinin səbəbləri göstərilib. İki ölkənin burada ümumi düşməni və maraqları olsa da, nə Ankara, nə də Tehran əməkdaşlığa tələsir:

“Türkiyə İraq və Suriyada bir neçə səbəbdən fəallıq göstərir. Bir tərəfdən İranın öz tarixi nüfuz dairəsinə müdaxiləsini artırmaq cəhdlərinə cavab verməyə çalışır, digər tərəfdən PKK-nın güclənməsinin qarşısını alır.

Nəticədə Suriyada Türkiyənin arxa durduğu qiyamçılar cənuba irəliləyib, Türkiyə ilə sərhəd yaxınlığında kök salmış İŞİD-i qova biliblər. İndi qiyamçılar Əl Babın astanasındadırlar. Məhz bu şəhər İran və Türkiyənin, həmçinin ABŞ-ın yardım etdiyi qüvvələrin toqquşma nöqtəsinə çevrilib. Rəsmilər noyabrın 24-də Əl Bab yaxınlığındakı əməliyyatlarda türk əsgərlərini İran dronlarının vurduğunu iddia edirlər.

İranla Türkiyə arasında qarşılıqlı etimad qorxulu şəkildə azalmaqdadır. Türkiyə İranı regiondakı şiə yaraqlılarını silahlandıraraq sünnilərin üstünə göndərməkdə, Tehran isə Türkiyəni Osmanlı dövründəki nüfuzunu bərpa etmək cəhdində və Suriyadakı cihadçılara yardım etməkdə günahandırır.

Halbuki hər tərəf qarşısındakını günahlandırdığı tərzdə hərəkət edir: hərbi qüvvələrini sərhədlərindən o tərəfə göndərir, yaraqlılara yardım edir, Suriya və İraqdakı çaxnaşmalardan qalan xarabalıqlara nəzarəti ələ keçirməyə çalışırlar.

Hər iki ölkənin ümumi marağı da var. Ankara və Tehran İŞİD-ə və kürd qüvvələrinə qarşı birləşə bilər. Lakin birinin digərindən üstün olma istəkləri və qarşılıqlı şübhə buna imkan vermir.

Durumun daha da pisləşməsini əngəlləməkdən ötrü İranla Türkiyə hər şeydən öncə etimadsızlığa üstün gəlməli, bir-birinin maraqlarını və təhlükəsizlik problemini açıq etiraf etməlidirlər. Bunun üçün Suriya və İraqla bağlı yüksəksəviyyəli və davamlı danışıqlar aparılmalı, danışıqlar əvvəlkilərdən fərqli olaraq xüsusi xətt üzrə davam etdirilməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın ali lideri Əli Xameneinin bu cür danışıqlardan ötrü xüsusi təmsilçilər təyin etməsi daimi diplomatik kanalın yaranması baxımından çox vacibdir.

Ayrıca, əməkdaşlığın gücləndirilməsi, ümumi düşmənə qarşı mübarizənin effektini təmin etmək, təsadüfi itkilərin qarşısını almaqdan ötrü kəşfiyyat məlumatlarının mübadiləsi əlaqələr yeni nəfəs verə bilər”.


Geri Qayıt