Dogru.Tv > Dünya > Rusiya Azərbaycanın ən böyük diaspor təşkilatını niyə ləğv edir?
Rusiya Azərbaycanın ən böyük diaspor təşkilatını niyə ləğv edir?Tarix: 13-04-2017, 11:18. Müəllif: Qarabaqinfo |
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan məsələdir. Aprelin 11-də Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası təxirə salınıb və Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təyin olunub. Ancaq problem aktuallığını qoruyur. Niyə Moskva qəfildən Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etmək istəyir? Bu cür addım Bakı-Moskva münasibətlərini soyuda bilərmi? Qarabaq.info Məsələni BakiPost.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi rəsmi Bakının önəm verdiyi lobbi təşkilatlarındandır: "Bu təşkilat 2001-ci ildə Moskvada Azərbaycan və Rusiya prezidentlərinin birgə iştirakı ilə təsis olunub. Təşkilatda Rusiyada yaşayan məşhur azərbaycanlılar yer alıblar. İçərilərində biznesmenlərdən tutmuş xalq rəssamlarına qədər şəxslər var. Ümumiyyətlə, Moskvanın Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı hazırki siyasətinin arxasında bir neçə faktor dayana bilər. Öncə Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsi Moskvanın rusiyalı blogger Aleksandr Lapşinin Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya olunmasına cavab addımı ola bilər. Lapşin qeyri-qanuni Dağlıq Qarabağa səfər etdikdən sonra başqa pasportla qeyri-qanuni olaraq Azərbaycana da daxil olmuşdu. Halbuki, Dağlıq Qarabağa səfər etdiyinə görə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınmışdı. Eyni zamanda Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatının ləğvinin gündəmə gətirilməsi Azərbaycanın reallaşdırdığı enerji layihələri ilə əlaqəli ola bilər. Moskva TAP və TANAP layihələrinə açıq etiraz etməsə də, Kreml Azərbaycan qazının Rusiya qazından əvvəl cənub marşrutu ilə Avropaya çatdırılmasından narahatdır. Bəzi siyasi ekspertlər İtaliyada TAP boru xəttinin inşaatının ləngiməsini Rusiyanın təsir imkanları ilə əlaqələndirirlər. Avropa bu boru xətti ilə gələcəkdə yalnız Azərbaycan qazını deyil, digər ölkələrin də qazını əldə etmək istəyir. Moskvanı bu faktor da ciddi narahat edir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin sədrliyi ilə aprelin 11-də keçirilən hökumətin iclasında dövlət başçısı belə bir ifadə işlətdi: "Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük”. İlham Əliyev 10 il əvvəl deyərkən Bakı-Tiflis-Ceyhan boru xəttini nəzərdə tutur. Bu boru xəttinə qarşı çıxan əsas qüvvələr Moskvada idi”. Politoloq vurğulayıb ki, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatının ləğvinin gündəmə gətirilməsini Azərbaycanda gələcək prezident seçkisi ilə əlaqələndirənlər də var: "Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ildə keçiriləcək. 2013-cü ilin prezident seçkisinə yaxın Moskvada azərbaycanlılardan formalaşan "milyarderlər ittifaqı” ortaya çıxdı. O zaman rəsmi Bakı bu ittifaqdan narazı qaldı. Belə bir ehtimal var idi ki, "milyarderlər ittifaqı” seçkidə müxalifət namizədini dəstəkləyəcək. Ancaq prezident seçkisinə bir ay qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və İlham Əliyevə dəstəyini göstərdi. Buna baxmayaraq, Moskva əvvəlki ssenarisinə qayıda bilər. Yəni növbəti prezident seçkisi ərəfəsində Kreml Bakıya təzyiqi artıra bilər. Məqsəd Azərbaycan hakimiyyətindən istədiyini əldə etməkdir”. Elxan Şahinoğlu həmçinin Rusiyadan Azərbaycana gələn səfərlərin sayının artdığını qeyd edib: "İlham Əliyev aprelin 10-da Bakıdakı iqamətgahında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etdi. Görüşdə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar tərəfləri müzakirə olundu. Bu görüşdə Nikolay Patruşev maraqlı fikir söylədi. O dedi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: "Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”. Patruşevdən bir gün əvvəl isə İlham Əliyev Rusiyanın məşhur televiziya jurnalisti və Rusiyanın dövlət televiziya kanalında əsas talk show aparıcısı Vladimir Solovyovu qəbul etdi. Solovyov ilk dəfədir Bakıda gəlib. O Azərbaycan və Türkiyəni sevmir, proqramlarında qatı anti-türkçü kimi çıxış edir və Ermənistanın, o cümlədən Dağlıq Qarabağ separatçılarının mövqeyini dəstəkləyir. Bu mənada Solovyovun Bakıya gəlişi xeyli suallar yaratdı. Həm də Solovyov qeyri-qanuni olaraq Dağlıq Qarabağda olub. Belə şəxslər isə Azərbaycan XİN-nin qara siyahısına salınır və üzr istənilmədən Azərbaycan ərazisinə buraxılmır. Vladimir Solovyov isə Bakıdan Moskvaya qayıtdıqdan sonra Dağlıq Qarabağa səfərlərinə görə heç kimdən üzr istəmədiyini dedi. Görünür, rəsmi Bakı Vladimir Solovyovu Bakıya dəvət edib prezidentlə görüşdürməklə onun Azərbaycan əleyhinə çıxışlarını neytrallaşdırmaq istəyir. Yəni Bakıya gəlib Azərbaycan prezidenti ilə görüşən şəxs bundan sonra Azərbaycan əleyhinə danışmamalı, Dağlıq Qarabağ mövzusunda balanslı mövqe nümayiş etdirməlidir. Bunun məhz belə olacağını Solovyovun talk show proqramlarındakı gələcək verilişlərindəki çıxışları göstərəcək. Məsələn Rusiyanın əsas millətçi siyasətçisi Vladimir Jirinovski də ötən il Bakıya dəvət olunmuşdu. O, Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan əleyhinə danışmır”. Geri Qayıt |