Dogru.Tv > Cəmiyyət > Moskva və Ankara arasında yol ötürücüsü - Bakı
Moskva və Ankara arasında yol ötürücüsü - BakıTarix: 29-10-2016, 21:20. Müəllif: Qarabaqinfo |
Bir dəyirmi masaya ön söz və tədbirdən reportaj Tarixi təcrübə göstərir: Azərbaycan-Rusiya münasibətləri ikitərəfli formatda ölkəmizə uğur gətirmir. Ruslar bu çərçivədə bizi cırtdan bilir, nazımızla çox da oynamırlar. Münasibətlər üçtərəfli formata keçərkən (Azərbaycan+Rusiya+Türkiyə, yaxud İran) isə, əksinə, vəziyyət ölkəmiziun xeyrinə olaraq kökündən, bünövrəsindən tamamilə dəyişir. *** İlk dəfə Azərbaycan böyük Rusiya ilə bu “üçtərəfli” münasibətlər formatına 1920-ci ildə keçərək tezliklə bunun müsbət nəticələrini gördü. Rusiya ilə üçtərəfli münasibətlərin müəllifi Nəriman Nərimanov idi. 1919-cu ildə Anadoluda başlayan milli-azadlıq hərəkatını məhz o, Leninə, Trotskiyə təqdim edir. Sübut edir ki, dünya inqilabının əsl nüvəsi Avropada, Almaniyada deyil, məhz Şərqdə-Azərbaycanla Türkiyədədir. Almaniya, Macarıstandakı inqilabı sol hərəkatların tezliklə məğlub olduğunu görən Lenin, Trotski o vaxtlar nəzərlərini Şərqə-Türkiyə ilə Azərbaycana dikirlər. 1920-ci ilin 28 aprelində Polşa lideri Pilsudski Kiyevi fəth edir, əvəzində Lenin Bakıya yiyələnir. O vaxt təkcə Kreml deyil, dumanlı Albion da bizim müsavatçı hökumətdən çox narazı idi. Londonda hesab edirdilər ki, bu parlament respublikası özünü doğrultmur. Azərbaycanda da, Polşadakı kimi, hakimiyyətə diktator gəlməlidir. Pilsudskinin o vaxtkı qələbələri Londonu əməlli-başlı hərəkətə gətirmişdi. Britaniya şiri, oxşar siyasi fiquru Azərbaycanda axtara-axtara gəlib çıxır Xəzər dəniz donanmasının rəhbəri Çingiz İldırımın ünvanına. Çingiz İldırım 28 aprel günü Azərbaycanda çevriliş edib hakimiyyətə yiyələnməliymiş. Həmin gün ingilislər Çingiz İldırımın tərəfdarları üçün hər cür şərait yaradırlar. Çingiz İldırım isə İsmailiyyə binasına daxil olarkən qəfil oyunun bütün şərtlərini pozur. Musavat hökumətinə verdiyi ultumatumda tələb edir ki, bütün siyasi hakimiyyət ona deyil, Azərbaycan Kommunist Partiyasına verilsin. Bəlli olur ki, Çingiz İldırım çoxdan kommunistlərə işləyir... Dediklərim sizi təəccübləndirməsin. Rəhmətlik Firudin Ağyevin “İldırım dənizdə çaxır” romanını oxuyub, bu dedektiv süjetin, gizli əməliyyatın bütün incəlikləriylə tanış ola bilərsiz. O vaxt Bakıdakı türk zabitləri də, Mustafa Sübhü başda olmaqla yekdilliklə Nərimanovun tərəfinə keçib “Ankara+Moskva+Bakı” üçbucağını siyasi gündəmə gətirirlər. Məhz bu format çərçivəsində Azərbaycan solçuları öz ilk geopolitik qələbələrini qazanaraq Qarabağı, Naxçıvanı öz tərkiblərinə qatmağı bacarırlar. Ermənistan daşnakları Antantanın nökəri elan edilib Moskvanın gözündən salınır. Sonra Nərimanov-Əbilov-Sübhü tandemi bu prosesə qardaş Türkiyəni də qatıb reqionda birinciliyi əldə edirlər. 1921-ci ildə Bakıya Moskvadan qızılla, hərbi yüklə dolu gizli qatar gəlib Sabunçu vağzalına yetişir. Frunzenin rəhbərliyi altında 83 hərbi mütəxəssis sonra Tiflisə, Qarsa yollanıb orda Mustafa Kamalın adamlarına qoşulurlar. Mahir qələm ustası Pyotr İliçevin “Türk karvanı” romanında bu gizli əməliyyatın bütün detalları xırdalıqlarına qədər yazıya alınıb. Əsər 1985-ci ildə Vilayət Rüstəmzadə tərəfindən Azərbaycan türkcəsinə çevrilib. Maraqlananlar bu kitabı vərəqləsə, Nərimanovla İbrahim Əbilovun bu prosesdə nə qədər əhəmiyyətli fiqur olduqlarına bir daha əmin ola bilərlər. Məhz bu yardım əsasında, Mustafa Kamal tezliklə yadelli işğalçıları məğlub edib Türkiyənin taleyini dəyişməyə nail olur. Bolşevizmin bütün Şərqə yayılacağını görən Antanta bu vaxt ağlını başına yığır. Moskvayla başlayan sülh danışıqları axır ki, 1923-cü ildə, Lozanna müqaviləsi ilə nəticələnib öz hökmünü günümüzədək saxlayır. Nərimanovun ulduzu məhz o vaxtlar parlayır və öz düşmənlərinə rahatlıq vermir. *** Ötən il ANS telekanalında apardığımız “Şəxsiyyət vəsiqəsi” verilişimizdə biz bu mövzuya ilk dəfə olaraq ciddi şəkildə müraciət etdik. Səylərimiz boşa çıxmadı. FETÖ-nün Türkiyədə keçirmək istədiyi çevriliş cəhdindən sonra Türkiyə+Moskva+Bakı üçbucağı yenidən siyasi gündəmi işğal etdi. Siyasi Bakı Rusiya ilə əlaqələrini iki formatlı çərçivədən çıxardı və Rusiya ilə üçtərəfli münasibətlərə keçdi. Müsbət nəticələr özünü çox gözlətmədi. Bölgədəki siyasi durum Bakının xeyrinə xeyli dəyişdi. Havada 1923-cü il Lozanna müqaviləsinin xoş ətri sezildi. Nərimanovun siyasi irsi yenidən dirilib növbəti dəfə vətəninə xidmət etdi. Rusiya siyasi liderləri, mass-media nümayəndələri Azərbaycanı tam yeni mənada kəşf edib, nəticələrinə mat qaldılar. Siyasi münasibətlərimiz yeni məzmunla zənginləşib rəqiblərimizin yuxusuna haram qatdı. *** Ölkələrimiz arasındakı yeni münasibətlər, artıq özünü siyasi, mədəni gündəmdə göstərməkdədir. 28 oktyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Sankt-Peterburq alimlərinin iştirakı ilə keçirilən kiçik, ancaq çox lazımlı tədbiri biz ancaq bax bu cür dəyərləndirə bilərik. “Rusiya və Azərbaycan gənclərinin mədəni üstünlükləri və dəyər istiqamətləri: müasir vəziyyət və dövlət mədəniyyət siyasətinin meyarları” mövzusunda keçirilən dəyirmi masa, ikitərəfli münasibətlərimizdə bu yeni mərhələnin başladığını göstərirdi. Diskussiyalarda Rusiya tərəfindən D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutunun əməkdaşları, habelə digər nümayəndələr fəal iştirak edirdilər. Filologiya elmləri namizədi Baxrevski Yevgeni Vladislavoviç, fəlsəfə elmləri doktoru Bespalova Tatyana Viktorovna, kulturoloq Kilasov Aleksey Valeroviç hər iki ölkə gəncliyi qarşısında duran problemlərdən danışarkən çox səmimi idilər. Münasibətlərdəki nöqsanlar da unudulmadı. “Azərbaycan və Rusiya gəncliyini indi daha çox eyni Qərb dəyərləri, misal üçün, Harri Potter serialları birləşdirir, nəinki sırf məhəlli, doğma xüsusiyyətlər”-Pespalova Tatyana Viktorovnanın bu tezisi çoxlarında narahatlıq hissi yaratdı. Sovetdənqalma müsbət dəyərlərin əhəmiyyəti V. V. Baxrevskinin çıxışında xüsusi olaraq vurğulandı. A.V. Kilasov məruzəsində dedi: “Daş dövrü daşın, dəmir dövrü dəmirin qurtardığına görə bitmədiyi kimi, münasibətlərimizdəki fasilə də belə izah olunmalıdır. Potensialımız isə, inanın, tükənməzdir”. O, etnoidman, misal üçün, zorxana barədə danışıb qeyd etdi: “Bu cür idman növlərinə çox da aludə olmaq, idmanın gələcək prespektivlərini oxşar sahələrdə axtarmaq bizləri aldada bilər. Ümümdünya idman xartiyası, bu cür sahələrin inkişafına imkan yaratmır... Misal üçün, kvas içkisinin pepsi-kola üzərində qələbə qazanmağı, yaxud sizin reyhan içkisinin koka-kolanı istehlakçıdan ayırması uzaq gələciyin mövzusudur. Günümüzün deyil...” Azərbaycan tərəfindən çıxış edənlər də aktiv idilər. Əsas söhbətləri çay masası arxasında davam etdirmək təklifi məqsədinə çatmadı. İştirakçılar, məsələn, dosent Günay Qafarova ölkəmizdə yaranmış yeni turist, mədəniyyət marşrutlarıyla qonaqlarımızı tanış etdi. Azərbaycana axacaq Rusiya turistləriinin maraq hədəflərini işarələdi. “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyevin çıxışı da ətrafdakılarda böyük maraq doğurdu. Azərbaycan və Rusiya mətbəxindəki, musiqisindəki bəzi mübahisəli məqamlar diqqətdən yayınmadı. BMT, YUNESKO-nun bu sahədəki cavabı çoxlarını qane etdi-yarpaq dolması, yaxud Sarı gəlin təranəsinin kimə məxsusluğunu BMT yaxud YUNESKO həll etməyəcək. Bunlar, bir xalqa deyil, bir çox xaqlqlara məxsus dəyərlərdir. Və bu sahəni millətçilərin istismarına vermək düz deyil. Müzakirələrdə mən də iştirak etməyi unutmadım. Televiziya reytinqlərini ölçən xarici şirkətlərin ölkəmizdəki aldadıcı siyasətindən söz açıb qonaqlarımıza sual verdim- “Rusiya TV-lərində bəs vəziyyət nə haldadır?” Bəlli oldu ki, bu reytinq olçən beynəlxalq şirkətlərin fəaliyyəti tezliklə Rusiyada dayandırılacaq. Bu sahədəki xarici şirkətlər yelililəriylə əvəzlənəcək. Oxşar dəyişikliklər, məncə, tezliklə Azərbaycanda başlanacaq. Teleməkanın həm Rusiyada, həm Azərbaycanda saflaşıb dirçəlməyi də, görünür, məhz bu faktla bağlı olacaq. Sonrakı müzakirələr çay masası ətrafına keçdi. İştirakçılar arasında canlı ünsiyyət yarandı və hamı qərara gəldi ki, bu cür görüşlərin intensivliyi gələcəkdə xeyli artmalıdır. Görüş iştirakçıların xatirə fotosu çəkdirməyiylə bitdi. Müsavat.com Geri Qayıt |