Dogru.Tv > Araşdırma > Ani ürək ölümünü əngəlləyən batareyalar - həkim məsləhəti

Ani ürək ölümünü əngəlləyən batareyalar - həkim məsləhəti


Tarix: 11-10-2016, 12:21. Müəllif: Qarabaqinfo
 Keçən həftə mətbuatda 53 yaşında bir müəllimin universitetdə dərs keçərkən yıxıldığı və qəfildən öldüyü xəbəri var idi. Xəbərin davamında deyilirdi ki, müəllimin son günlərdə bir şikayəti olmayıb, yalnız  1 dəfə ürək infaktı keçiribmiş. Qəfil ölüm xəbəri eşidəndə bu təbii sonluqdan qorxuruq,  “hər şeyə çarə tapılır, ölümdən başqa”, “3 günlük fani dünyadır” kimi sözlərlə bir-birimizi sakitləşdiririk. Texnologiya bu qədər inkişaf elədi, ancaq qəfləti ölümə çarə tapılmadı deyənlər nə dərəcədə haqlıdır?
Ani ölümlərin əksəriyyəti ürək xəstəliklərinə bağlıdır.  Amerika Milli Səhiyyə Statistikası Mərkəzinin məlumatına əsasən hər il ABŞ-da 460 000 nəfər ani ürək ölümü səbəbiylə vəfat edir. Ürək xəstəlikləri ürəyin ritmini pozaraq, ventrikul fibrilasiyasına (“mədəciklərin səyirməsi”, mədəcik ritm pozulmalarının bir növüdür), o da ölümə yol açır. Mədəcik aritmiyalarının ölümə yol açdığı XX əsrin ortalarından bəri bilinirdi və “bu tip aritmiyaları müalicə etsək ani ürək ölümləri azalarmı ?” sualı həkimləri məşğul edirdi. 1960-cı illərdə Maykl Mirovski adında yəhudi  həkim və Morton Mover adında amerikan həkim ölümcül ritmləri elektroşok  ilə aradan qaldıran cihaz (ICD) haqqında araşdırma aparırdılar. Onların zəhməti bəhrəsini  verdi və 1980-ci ildə ilk dəfə bir insana avtomatik ICD cihazı taxdılar. Aparılan böyük araşdırmalarda ICD-lərin ani ürək ölümü riski yüksək olan xəstələrin həyatını xilas etdiyi, ömrü uzatdığı sübuta yetirildi. O vaxtdan bəri milyonlarla insana ICD cihazı taxıldı.
Müasir ICD cihazları son dərəcə texnologik məhsullar olub,  təxminən 3x4 sm ölçülərində, 1 sm-dən bir az qalın, 70 qram ağırlığında, batareya və kabellərdən ibarət cihazlardır. Sol, ya da sağ çiyin nahiyəsində körpücük sümüyünün aşağısında dərialtına yerləşdirilir. Cihazdan çıxan 1-2 ədəd kabel damar içərisindən ürəyin sağ kameralarına göndərilir. Əməliyyat yerli anesteziya altında aparılır, beləliklə xəstənin şüuru yerində olur. Həkim xüsusi komputer vasitəsiylə cihazı xəstəyə uyğun şəkildə proqramlayır. Cihazın batareyasının ömrü təxminən 5 ildir. Batareya bitən xəstələrdə təkrar dəyişdirilə bilir.
ICD cihazı ani ürək ölümü riski yüksək olan xəstələrə ömrü uzatmaq məqsədiylə taxılır. Bu cihaz pasientin xəstəliyinə aid simptom və əlamətləri ortadan qaldırmır. Cihaz bir növ “keşik çəkir”, ölümcül ritm peyda olanda elektrik şoku verir və ürəyi normal ritminə qaytarır. ICD cihazının taxılması aşağıdakı hallarda məsləhət görülür; 1) infarkt keçirmiş və ürəyinin yığılma gücü 35%-in altında olan xəstələr, 2) ürəyi bir dəfə dayanmış, ancaq sağ  qala bilmiş  xəstələrdə təkrardan qorunmaq üçün, 3)ürəyin yığılma gücü 35% -dən az olan xəstələrdə bayılma ilə nəticələnən mədəcik taxikardiyası varsa, 4) ürəyin yığılma gücü 35% -dən az və  ürək genişləməsi olanlar, 5)yüksək riskli qrupda olan ürək divarlarının qalınlaşması xəstəliyi, bəzi anadangəlmə ürək xəstəlikləri, irsi keçən ritm xəstəlikləri və s.
Bizim ölkəmizdə də ICD cihazları kardioloqlar tərəfindən yüksək peşəkarlıqla taxılır. Ancaq inkişaf etmiş ölkələrlə müqayisə edəndə ölkəmizdə daha az yayılıb və daha az bilinir. Məsələn, ABŞ-da hər il > 100 000 insana ICD taxılır. Bizim ölkəmizdə ən böyük maneə  maddi imkansızlıqdır. Müsavat.com
Vüsal Vəliyev, kardioloqvveliyev@hotmail.com
Geri Qayıt