Dogru.Tv > Araşdırma > YA ADINI DƏYİŞ, YA ƏXLAQINI
YA ADINI DƏYİŞ, YA ƏXLAQINITarix: 16-03-2017, 12:04. Müəllif: Qarabaqinfo |
YA ADINI DƏYİŞ, YA ƏXLAQINI... (Qənirə Paşayeva) Makedoniyalı İsgəndər yaxşı əxlaqı olmayan, amma adının gözəl anlamı olan birini yanına çağırıb deyir: Ya adını dəyişdir, ya da əxlaqını... Deyirəm, nə qədər böyük bir hikmətdir! Söz kimi sözdür – fateh sözü! Təəssüf ki, insanlar bəzi hallarda onlara verilən adların sorumluluğunu anlamırlar... Bəzən toplumda o qədər gözəl və qutsal ad daşıyan insanlar görürük ki, adları ilə əxlaqları, əməlləri tərs mütənasib olur... Özəlliklə də Allahın 99 adından birini daşıyanlar və adlarının anlamlarına tamamən zidd olanları, əməlləri və əxlaqı ilə Allahın gözəl adlarından birini daşımağa layiq olmayanları görəndə adam az qalır, yaxınlaşıb Makedoniyalı İsgəndər kimi “qardaşım, bacım, ya adını dəyiş, ya da əxlaqını!” demək istəyir. Adının anlamına nə qədər tərs adamları görürük... * Mərhəmətsiz və bağışlayıcı olmayan Rəhimləri, * rəhmət qazanmaqdan çox uzaq, şəfqətli olmayan Rəhmanları, * adil olmayan Adilləri, * savadsız, cahil Alimləri, * böyük ola bilməyən Əzimləri, * hiddətləri ilə belə uca ola bilməyən Cəlilləri, * bağışlayıcı ola bilməyən Qafarları, * günahları əhv edə bilməyən, bağışlaya bilməyən, kinli Qafurları, * hidayətverici olmayan Hadiləri, * qoruyucu ola bilməyən Hafizləri, * övgüyə layiq olmayan Həmidləri, * keyfiyyətcə cılız (qədirbilməz) Qədirləri, * comərd olmayan Kərimləri, * incə,lətafətli olmayan Lətifləri, * şərəfi olmayan Məcidləri, * sağlam olmayan Mətinləri, * doğru yolda olmayan (doğru yola sizi çatdırmaq, göstərmək bir yana insanları əyri yola çəkən) Rəşidləri, * Allahını tanımayan, onun təkliyini, şəriksizliyini tanımayan Vahidləri, * bir bəndəyə heç nəyi qarşılıqsız verməyən Vahabları, * Allaha təvəkkül edənlərə heç bir yardım etməyən Vəkilləri, * özünü Allaha yaxın hesab etməyən Vəliləri, varlığı qaranlıq olan Zahirləri... Görəndə insan yaxınlaşıb o mübarək sözü demək istəyir: qardaşım ya bu adı dəyişdir ya da özünü demək istəyir... Bəli, hər bir insan daşıdığı adın sorumluluğunu dərk etməlidir! Allahın adlarından birini daşıyan adam daşıdığı adın sorumluluğunu dərk etməlidir, ya da onu könüllü dəyişməlidir... Gözəl əxlaqı ilə adından əsirlərdir söz etdirən Hz. Məhəm - mədin adını daşıyan kəs o adın məsuliyyətini dərk etməlidir... Bu siyahını xeyli uzatmaq olar, təbii... Əziz oxucum, nə vaxtsa heç ürəyinizdən İsgəndər kimi birinə ya adını dəyiş, ya da əxlaqını demək istədinmi? Belə bir durumla, halla üzləşdinmi? – Əminəm, üzləşmisən. Əslində bunu dostcasına söyləmək heç də pis fikir olmasa, gərək – Ya adını dəyiş, ya da əməllərini... Ya adını dəyiş, ya da əxlaqını... Ya adını dəyiş, ya da özünü... Qarabaq.info Geri Qayıt |