Dogru.Tv > İqtisadiyyat > Bu, Əliyevin adı ilə bağlı olacaq - Ziyadov

Bu, Əliyevin adı ilə bağlı olacaq - Ziyadov


Tarix: 16-12-2016, 18:37. Müəllif: Qarabaqinfo
 

Dekabrın 16-da Bakıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun sədrliyi ilə Ələt qəsəbəsində Azad Ticarət Zonasının (ATZ) yaradılmasına və fəaliyyətinə həsr olunmuş biznes-forum, “Caspian Energy Forum 2017”nin xüsusi sessiyası təşkil olunub.

Qarabaq.info Axar.az istinadən xəbər verir ki, Taleh Ziyadov iqtisadiyyatın diversifikasiyasının ölkənin tranzit potensialından səmərəli istifadə olunmasına imkan yaratdığını qeyd edib. Bildirib ki, bu məqsədlə Bakının 65 kilometr cənubunda Ələt qəsəbəsində Xəzərin nəhəng limanı inşa olunur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) baş direktorunun sözlərinə görə, Azad Ticarət Zonası statusunun əldə olunması ilə layihəyə bir neçə il ərzində 1 milyard ABŞ dollarına yaxın xarici investisiya cəlb etmək mümkün olacaq.

“BBDTL regional logistik hab funksiyasını yerinə yetirməklə iri logistik mərkəz kimi fəaliyyət göstərəcək ki, bu da öz növbəsində, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq”, - deyə Taleh Ziyadov qeyd edib.

O bildirib ki, Ələt Azərbaycanın dəmir və avtomobil yollarının “Şimal-Cənub” və “Şərq-Qərb” istiqamətində kəsişdiyi nəhəng nəqliyyat qovşağıdır. Burada yeni sənaye, o cümlədən neft emalı obyektləri tikilir ki, bu da Ələtdə lazımi logistik infrastrukturun yaradılmasının zəruriliyini göstərir.

Azərbaycanda Azad Ticarət Zonasının 2017-ci ilin birinci yarısında işə başlaya biləcəyini deyən T.Ziyadov ATZ-də liman ərazisində neft-kimya, əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə sənaye birliklərinin (klaster) yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda ATZ-nin yaradılması üçün hüquqi rejimin formalaşdırılması üzrə hazırlıq işləri görülür.

“Əsas məqsəd xarici investorlar üçün münbit şərait yaratmaqdır. Yalnız bu halda biz ATZ-də birbaşa investisiyaya nail ola, istehsalat qüvvəsi yarada, “Made in Azerbaijan” brendi altında çoxlu çeşiddə məhsul istehsalını təşkil edə, minlərlə işçini yüksək ödənişli işlə təmin edə bilərik. Zənnimcə, neft strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, Prezident İlham Əliyevin islahatlarının mühüm elementi olan layihəmiz dövlət başçımızın adı ilə bağlı olacaq”, - deyə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbəri vurğulayıb.

Biznes-forum çərçivəsində şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin üzləşdikləri problemlər müzakirə olunub və onların həlli yolları nəzərdən keçirilib.

Biznes-forumda “Caspian European Club”ın (Caspian Business Club) yarandığı gündən fəaliyyət göstərən sahə klublarının, xüsusilə də Rəşad Abbasovun rəhbərlik etdiyi “Caspian European Transport Club” və klubun tərkibinə daxil olan işçi komitələrinin, xüsusən Mustafa Abbasbəylinin rəhbərlik etdiyi “Tax & Customs Committee”nin fəal rolu qeyd olunub.

“Ələtdə limanın inşası və onun bazasında Azad Ticarət Zonasının yaradılması həm Azərbaycanda, həm də regionda iqtisadi islahatların həyata keçirilməsi və biznesin inkişafı üçün olduqca vacibdir. Məhz buna görə, biz həmin layihə çərçivəsində əməkdaşlıq etməyə çalışacaq və bütün beynəlxalq tədbirlərimizdə onun irəliləyişinə şərait yaradacağıq”, - deyə “Caspian European Club”ın (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyev deyib ki, gələn il aprelin 12-də IV Beynəlxalq “Caspian Energy Forum Baku – 2017”dək iqtisadiyyatın nəqliyyat, maliyyə, yanacaq-enerji kompleksi, İKT, aqrosənaye və digər sahələrinin inkişafına həsr olunmuş daha bir neçə sessiya keçiriləcək. Xüsusi sessiyalar çərçivəsində “Caspian European Club”ın (Caspian Business Club) üzv şirkətlərinin və ümumilikdə, özəl sektorun problemləri dərindən öyrəniləcək. “Caspian Energy Forum Baku – 2017” Azərbaycanda həyata keçirilən islahatların ilkin nəticələrinə həsr olunacaq. “Biz forumu şərti olaraq 2 hissəyə bölmüşük. Birinci hissə qaz və enerji sektorunun layihələrinə, ikinci hissə isə qeyri-neft sektorunun fəal inkişafına həsr olunub”, - deyə T.Əliyev qeyd edib.

Biznes-forumda əldə olunmuş nəticəyə görə, “Caspian European Club”ın (Caspian Business Club) ekspert şurası və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC cəmiyyətdə və peşəkar mühitdə Azad Ticarət Zonası ideyasının irəliləyişi istiqamətində birgə işləyəcəklər.

T.Əliyev bildirib ki, “Caspian European Club” (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”ın (Caspian Business Club) sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyənin 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilat nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.


Geri Qayıt